Samir Əliyev də gedə bilər
29.10.2008 - 18:39
Samir Əliyev də gedə bilər
Bakı. Mehman Süleymanov - APA-Sport. “Kapitan sarğısını daşıyacağım MOİK-lə oyuna çıxanda bilindi. Bu, mənim üçün gözlənilməz oldu”. Bunu “APA-Sport”a açıqlamasında “Neftçi” klubunun hücumçusu Samir Əliyev deyib.

Rəşad Sadıqovun komandadan uzaqlaşdırılmasından sonra kapitan sarğısını daşımaq etibar olunan 29 yaşlı futbolçu bunu müvəqqəti hal sayır: “Bu komandada çıxış etdiyim son iki ildə heç vitse-kapitan da olmamışam. Açığı, kapitanlığa can atmıram da. Hələlik kapitan olmağımı istədilər, mən də bunu qəbul etdim. Bu, böyük məsuliyyətdir”.

Komandanın almaniyalı baş məşqçisi Hans-Yurgen Gede ilə münasibətlərində problem olmadığını deyən Əliyevin fikrincə, gələcək taleyini özü üçün hələ dəqiqləşdirməyib: “Aparıcı futbolçuların komandadan çıxarılması tək mənim yox, hamı üçün gözlənilməz oldu. Birdən-birə böyük dəyişiklər edildi. Gedenin islahatlarının nəticəsini gələcək göstərəcək. Amma hələ ki oyun baxımdan problemlər var. Əsas futbolçularımız kənarlaşdırılıb, ikinci komandadan gələnlər isə təcrübəsizdir. Bu da komandanın oyununa mənfi təsir göstərir və hazırkı heyətlə yaxşı çıxış etmək çox çətindir. Bu gün də kubokda minimal hesabla qələbə qazandıq. Ola bilsin ki, qış fasiləsində də dəyişiklər edildi. Komandada qalıb-qalmayacağım hələ bilinmir”.
0