“Brilyant top” mükafatına 23 namizəd qaldı
30.10.2008 - 11:33
“Brilyant top” mükafatına 23 namizəd qaldı
Bakı. Mehman Süleymanov - APA-Sport. 2008-ci il üçün dünyanın ən yaxşı futbolçusu adını qazanmağa 23 namizəd qalıb. “APA-Sport”un məlumatına görə, “Brilyant top”un sahibini müəyyənləşdirən FİFA bununla bağlı yeni siyahını açıqlayıb.

Siyahıdakı hər iki qapıçı son mötəbər turnirlərin qalibləridir. Belə ki, Canluici Buffon (“Yuventus”) iki il öncə İtaliya yığmasının heyətində dünya, İker Kasilyas isə bu il İspaniya millisinin kapitanı kimi Avropa çempionluğunu qazanıb. “Brilyant top”a namizəd yeganə müdafiəçi “Çelsi”nin kapitanı Con Terridir.

Yarımmüdafiəçilərdən Kriştiano Ronaldo (“Mançester Yunayted”, Portuqaliya), Deku (“Çelsi”, Portuqaliya), Mihael Ballak (“Çelsi”, Almaniya), Sesk Fabreqas (“Arsenal”, İspaniya), Xavi Ernandes (“Barselona”, İspaniya), İnyesta (“Barselona”, İspaniya), Frenk Lempard (“Çelsi”, İngiltərə), Stiven Cerard (“Liverpul”, İngiltərə), Kaka (“Milan”, Braziliya), Frank Riberi (“Bavariya”, Fransa), hücumçulardan Ruud van Nistelroy (“Real”, Hollandiya), David Vilya (“Valensiya”, İspaniya), Fernando Torres (“Liverpul”, İspaniya), Andrey Arşavin (“Zenit”, Rusiya), Zlatan İbrahimoviç (“İnter”, İsveç), Emanuel Adebayor (“Arsenal”, Toqo), Didye Droqba (“Çelsi”, Kot D’İvuar), Samuel Eto’O (“Barselona”, İspaniya), Serxio Aquero (“Atletiko”, İspaniya) və Lionel Messi (“Barselona”, Argentina) dünyanın ən yaxşı futbolçusu ola bilərlər.

Namizədlərdən 17-si Avropa, 3-ü Afrika, 3-ü isə Amerikanı təmsil edir. Mükafata ən çox son Avropa çempionları olan ispanlar iddialıdır – 6 nəfər. Dünyanın ən yaxşı futbolçusu uğrunda üç ilk yeri ənənəvi olaraq FİFA-ya daxil olan milli komandaların baş məşqçiləri və kapitanları səsvermə yolu ilə müəyyənləşdirəcək. Səsvermənin nəticələri dekabrın əvvəlində açıqlanacaq. Mükafatlar isə sahiblərinə gələn ilin yanvarın 12-də Sürixdə təqdim olunacaq.

Qeyd edək ki, ötən il həm “Qızıl top”, həm də “Brilyant top”un sahibi Kaka olub.
0