Demyanenko Qəbələdə ağlayıb
30.10.2008 - 11:49
Demyanenko Qəbələdə ağlayıb
Bakı. Kənan Həsənov - APA-Sport. “Demyanenko böyük futbolçu olub, Kiyev “Dinamo”su kimi komandanı çalışdırıb. Amma mənə elə gəlir, Azərbaycanda əlli faiz gücü ilə işləyirdi”. “APA-Sport”un məlumatına görə, bu sözləri “Neftçi” klubunun sabiq həkimi Murad Mərdanlı söyləyib.

Hazırda “Bakı”da işləyən 60 yaşlı mütəxəssis “Neftçi”nin sabiq ukraynalı baş məşqçisi Anatoli Demyanenko haqda müsbət fikirdə olduğunu bildirib: “O, Ukraynada güclü futbolçularla işləməyə, istədiyi oyunçunu almağa öyrəşib. Burada belə bir imkanı olmadı. “Neftçi” İntertoto kubokunda hücumçusuz oynadı. Halbuki, ona söz vermişdilər. Demyanenko sərt intizam tərəfdarı deyildi, bir az yumşaq adam idi”.

“Bakı”nın həkimi Demyanenkonun futbolçularla vidalaşarkən göz yaşlarını saxlaya bilmədiyini də vurğulayıb: “Mən bunu görmüşəm. “Qəbələ”ni səfərdə udduğumuz oyundan sonra hamı ilə vidalaşdı. “Hər şeyə görə sağ olun, mən bu gün gedirəm” - deyən kimi gözlərindən yaş axmağa başladı. Dərhal da üzünü çevirib, gözlərini silə-silə otaqdan çıxdı. Bu hamının yanında olub”.

Qeyd edək ki, Azərbaycanın müxtəlif klublarında çalışan Mərdanlı Türkiyənin “Ərzurumspor”, “Malatyaspor” və “Trabzonspor” komandalarında iş təcrübəsinə malikdir. O, 1972-ci ildə güləş üzrə SSRİ idman ustası adına layiq görülüb.
0