Rüştü 40 yaşınadək qapıda durmaq istəyir
30.10.2008 - 11:58
Rüştü 40 yaşınadək qapıda durmaq istəyir
Bakı - APA-Sport. “Hələ uzun illər futbol oynayacağıma inanıram. Bunun üçün özümdə lazımi güc, qüvvət və iradə hiss edirəm. Düşünmürəm ki, futbolçu məhz yaşlandığı üçün karyerasını bitirməlidir. Türkiyə klubları hətta 34 yaşlı əcnəbi transfer edirlər. Mənə gəlincə, peşəkar karyeramı 40 yaşında başa çatdırmağı planlaşdırıram”. “APA-Sport”un məlumatına görə, bu sözləri “Beşiktaş” klubunun qapıçısı Rüştü Rəçbər deyib.

Türkiyə yığmasının heyətində dünya və Avropa çempionatının bürünc mükafatına layiq görülmüş 35 yaşlı futbolçu istənilən an milli komandaya qayıtmağa hazır olduğunu söyləyib: “Çox önəmli bir məqamda yığma ilə vidalaşdım. Avro-2008-dəki uğurun ardından “ay-ulduzlu” formanı gənclərə təhvil verməyin zamanı idi. Lakin mənə ehtiyac duyularsa, dərhal yığmanın düşərgəsinə dönərəm. Çünki milli komandaya yardım etmək hər birimizin borcudur”.

Rüştü “Beşiktaş”ın Türkiyə Superliqasında çıxışına da toxunub. Yeni baş məşqçi Mustafa Dənizlini tərifləyən qapıçı çempionluqdan danışmağın tez olduğunu bildirib: “İnanıram ki, Mustafa Dənizlinin rəhbərliyi altında uğur qazanacağıq. O, hücum futboluna üstünlük verir. İlk pillədə qərarlaşmağımıza baxmayaraq, arxayınlaşmamalıyıq”.
0