Araqones sevinir
30.10.2008 - 12:36
Araqones sevinir
Bakı - APA-Sport. Türkiyə yığmasının və “Fənərbaxça”nın futbolçusu Kolin Kazım cəzalandırıla bilər. “APA-Sport”un məlumatına görə, bunu “sarı-lacivərdli” klubun baş məşqçisi Luis Araqones deyib. O bildirib ki, Türkiyə kuboku uğrunda yarış çərçivəsində səfərdə “Ankaragücü” ilə oyunun 71-ci dəqiqəsində qırmızı vərəqə alan 22 yaşlı hücumçunun məsələsi klubdaxili iclasda müzakirəyə çıxarılacaq.

“Fənərbaxça” minimal hesablı qələbə qazansa da, Araqones matçdan sonra qayğılı nəzərə çarpıb: “Demək olmaz ki, bu gün çox yaxşı oynadıq. Sadəcə, 5-ci dəqiqədə qol vurub, hesabı sonadək qoruduq. Bizim üçün ən önəmli amil qapımızın toxunulmazlığını qorumaq idi. Çünki əvvəlki oyunlarda çox qol buraxmışıq”.

İspaniyalı çalışdırıcı vurğulayıb ki, rəhbərlik etdiyi kollektivin üzvləri arasında fərq qoymur: “Komandamızda 27 oyunçu var. Mənim üçün ehtiyat və ya as futbolçu anlayışı yoxdur. Çempionat və kubok yarışı uzun marafondur. Qarşıdakı turlarda heyət üzvlərinin bəziləri forma geyinəcək, digərləri istirahət edəcəklər”.
0