Março Dafçevin də “Neftçi”də oynamasını istəmirlər
30.10.2008 - 13:20
Março Dafçevin də “Neftçi”də oynamasını istəmirlər
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Heyətində ciddi islahatlar aparılan Bakının “Neftçi” klubu bolqarıstanlı futbolçusu Março Dafçevi də itirə bilər. “APA-Sport”un məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi əvvəllər vətənində çıxış etdiyi “Botev” komandasından təklif alıb. Bunu bəyan edən Plovdiv təmsilçisinin icraçı direktoru Borislav Dimitrov “Neftçi”də çıxış edən həmyerlisində gözü qaldığını etiraf edib.

Yayda Sofiya “Lokomotiv”inin Dafçevi “Botev”ə yox, “Neftçi”yə satmasından narazı olan Dimitrov 2007-ci ildə Bolqarıstanın ən yaxşı yarımmüdafiəçisi seçilən Dafçevin xidmətlərində hələ də maraqlı olduqlarını bildirib: “Biz ona komandamızda çıxış etmək təklifini etdik. Lakin Março hazırda şərəfini qoruduğu “Neftçi”ni tərk etmək istəmədi. Etiraf edim ki, biz ona Azərbaycanda çıxış etdiyi şərtləri təklif edə bilmirik. Bununla belə, Dafçevdən asanlıqla əl çəkən də deyilik. Qışda alınmazsa, gələn ilin yayında yarımmüdafiəçini yenidən “Botev”ə qaytarmağa çalışacağıq”.

Qeyd edək ki, “Neftçi”yə transfer olunduqdan sonra hələ də gözlənilən oyununu tapmayan Dafçev yalnız son iki qarşılaşmada penalti zərbələrini dəqiq yerinə yetirməklə fərqlənib.
0