Foqts Azərbaycan yığmasına Almaniyadan 12 yaşlı futbolçu gətirir
30.10.2008 - 16:02
Foqts Azərbaycan yığmasına Almaniyadan 12 yaşlı futbolçu gətirir
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Almaniyanın “Ayntraxt” klubunun futbolçusunu milliləşdirir. “APA-Sport”un məlumatına görə, Frankfurt təmsilçisinin aşağı yaş qrupunda hazırlıq keçən Cem Fələk məşqçisi ilə birlikdə ölkəmizə dəvət olunub. Almaniyada yaşayan türk əsilli istedadlı futbolçunun milliyə cəlb olunması 17 və 21 yaşlılardan ibarət komandaların baş məşqçisi Bernard Lippertin təklifidir.

“Ayntraxt” klubunda çalışdığı vaxtdan Cemin bacarığına bələd olan Lippert sabiq yetirməsinin ölkəmizə gəlməsi üçün Foqtsa müraciət edib. Həmin vaxtdan Foqtsun diqqət mərkəzində olan Fələkə artıq Azərbaycan yığmasında oynamaq təklifi də olunub. Məlumatlara görə, Bakıda olduğu vaxtda da Lippertə Cemlə bağlı həftəlik məlumatlar ötürülür. Cem artıq neçə ildir həmyaşıdları arasında keçirilən Essen vilayətinin birinciliklərində ən məhsuldar hücumçusu olub.

Qeyd edək ki, “Viktoriya Qrişeym” klubunun yetirməsi olan 12 yaşlı istedad “Ayntraxt”a çox yüksək şərtlərlə transfer olunub.
0