Gede istefa haqda düşünmür
30.10.2008 - 16:43
Gede istefa haqda düşünmür
Bakı. Kənan Həsənov - APA-Sport. “Komandaya baş məşqçi təyin olunanda çox sevinmişdim. İndi isə əfsuslar olsun ki, hər şey başqa cürdür. Mən təzə gələndə olan problemlər hələ də azalmayıb”. “APA-Sport”un məlumatına görə, bunu “Neftçi” klubunun baş məşqçisi Hans-Yurgen Gede deyib.

Bu gün keçirdiyi mətbuat konfransında əsas hədəfinin komandanı irəli aparmaq olduğunu bildirən alman mütəxəssis radikal addımlar atmaq məcburiyyətində qaldığını bildirib: “Kimə güvənəcəyimi özüm üçün müəyyənləşdirdim. Heyətdən kənarlaşdırılan futbolçulara gəlincə, burada başqa səbəb axtarmaq lazım deyil. Bu qərarım sırf onların hazırlıq səviyyəsinin qənaətbəxş olmaması ilə bağlıdır. Təcrübəli futbolçular komandanı arxasınca aparmalıdırlar. Amma mən bunu görmədim. Ona görə də “İnter”ə məğlubiyyətdən sonra radikal addımlara əl atdım. Mənim fəlsəfəm belədir: hər bir futbolçu meydanda 100 faiz güc qoymalıdır”.

“Neftçi”nin böyük klub olduğunu qeyd edən Gede qərarı komanda rəhbərliyi deyil, özünün qəbul etdiyini vurğulayıb: “Bizim problem futbolçuların hazırlığı ilə bağlıdır. Yəni, rəhbərliklə heç bir əlaqəsi yoxdur. Rəhbərlik də qərarıma hörmətlə yanaşıb. Heyətdən kənarlaşdırılanlara ikinci komandada idman formalarını bərpa etməyi məsləhət görmüşük”.

Komanda daxilində qruplaşmanın olması ilə bağlı iddiaları qətiyyətlə rədd edən Gede istefa vermək fikrində olmadığını vurğulayıb. Alman məşqçinin fikrincə, dövrələrarası fasilədə heyəti gücləndirməyə çalışacaqlar: “Niyə istefa verməliyəm? Burada işləməkdən xoşum gəlir. Məgər uğursuzluq təqdirində həmişə məşqçilər işindən uzaqlaşdırılmalıdır? Hazırda komandada olan gənclərlə uzağa getməyin mümkün olmadığını mən də bilirəm. Amma hələ birinci dövrəni başa vurmalıyıq. Rəhbərliyin də hədəfi güclü kollektiv yaratmaqdır. Bizə uğura ac futbolçular lazımdır”.

“İnter”ə məğlubiyyətdən sonra diskotekada əylənməsi ilə bağlı məsələyə də toxunan Gede bildirib ki, bu şəxsi məsələdir və işdən sonra istədiyi yerə baş çəkə bilər. Mütəxəssis eyni zamanda bunun oktyabrın 5-də MOİK üzərində 5:0 hesablı qələbədən sonra olduğunu da vurğulayıb.

Son olaylarla bağlı milli komandanın baş məşqçisi Berti Foqtsla əlaqə saxlamadığını deyən 52 yaşlı mütəxəssis mövcud problemi yaxın günlərdə müzakirə edəcəyini söyləyib.

Qeyd edək ki, Gedenin təmizləmə əməliyyatının ilk “qurbanlar”ı Rəşad Sadiqovla Elnur Allahverdiyev olub. Bu futbolçular ikinci komandaya göndərilsələr də, orada məşq etməkdən boyun qaçırıblar. Sonradan isə Ruslan Abbasovla türkiyəli legioner Levent Kartop eyni aqibəti yaşayıb. Bir neçə gün əvvəl isə milli komandanın kapitanı Rəşad Sadıqov, milliləşdirilmiş ukraynalı legioner Aleksandr Çertoqanov və gürcü Georgi Adamiya əsas heyətdən kənarlaşdırılıb.

0