Cem Fələk: kimsən sən?
30.10.2008 - 18:42
Cem Fələk: kimsən sən?
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Berti Foqtsun Azərbaycan yığmasına gətirmək istədiyi Cem Fələk futbolçu karyerası ərzində 1000-dən çox qol vurub. “APA-Sport”un məlumatına görə, AFFA-nın milliləşdirərək milli komandaya dəvət etmək istədiyi 12 yaşlı türk Almaniyada qol vurmaqla ad qazanıb.

Almaniyanın Essen vilayətinin son çempionatında 184 qol vuran Cem yeni rekord müəyyənləşdirib. “Qızıl buts” mükafatının sahibi olan “qol kralı” son 7 ildə həmyaşıdları arasında keçirilən rəsmi turnirlərdə 1085 qol vurmaqla tarixə düşüb. Son 4 mövsümdə Essen çempionatının dəyişməz bombardiri olan Fələk bu müddətdə qazandığı 85 medal və 25 kubokla şəxsi otağını muzeyə döndərib.




Hazırda “Ayntraxt”ın (U-13) futbolçusu olan Cem “Viktoriya Qrişeym” komandasının yetirməsidir. Bundesliqada çıxış edən Frankfurt təmsilçisinə cari mövsümün startında keçən Cem “Bavariya”, “Hoffenhaym”, “Offenbax”, “Borussiya” (Dortmund), “Nürnberq”, “Kikkers”, həmçinin “Austriya” (Vyana) və “Arsenal” (İngiltərə) komandalarının təkliflərindən imtina edib.

Cem Buchen-Odenvald qəsəbəsində anadan olub. “Ayntraxt”ın 13 yaşlılardan ibarət komandasının baş məşqçisi Karl Roter istedadla bağlı yüksək fikirdədir: “Tanrı bu cocuğu qol vurmaq üçün yaradıb. Sanki, bu uşaq qolun iyini bilir. Üstəlik, həm sağ, həm də sol ayağı ilə vurduğu zərbələr eyni səviyyədə güclü və dəqiq olur. Cemin futbol şüuruna isə həmyaşıdları həsəd apara bilər”.

Qeyd edək ki, Cem “Darmstadt Gesamtschule” liseyinin 7-ci sinfində təhsil alır.


0