“Bakı”nın tarixi rekordu
31.10.2008 - 10:46
“Bakı”nın tarixi rekordu
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan kuboku çərçivəsində “Qafqaz Universiteti” ilə oyunu “Bakı” klubunun tarixinə düşüb. “APA-Sport”un məlumatına görə, 1/8 final mərhələsinin ilk matçında 10:0 hesabı ilə qalib gələn paytaxtın eyniadlı təmsilçisi bir qarşılaşmada bir neçə rekord müəyyənləşdirib.

Birincisi, bu qələbə “Bakı”nın tarixi ərzində rəsmi oyunlarda qazandığı ən böyük hesablı nəticədir. Eyni zamanda, 10:0 hesablı qələbə 11 illik tarixə məxsus komandanın Azərbaycan kubokundakı ən böyük uğurudur. İndiyədək bu rekord 1999/2000 mövsümünə aid idi. Doqquz il əvvəl “Dinamo” adı altında çıxış edən bakılılar “Dəniz neftçiləri” komandasının “neftini qurutmuşdu” – 10:1.

Paytaxt təmsilçisi “Bakı” adı altında heç vaxt 10 qol vurmamışdı ki, komanda 4 il əvvəl qovuşduğu ad altında belə böyük qələbə də görməmişdi. Ən yaxşı halda, bakılılar elə kubok oyununda “Rote Fahne”ni 9:1 hesabı ilə məğlub etmişdi. Bu nəticə 2006/07 mövsümünə təsadüf edib.

Şəxsi rekordlarını müəyyənləşdirən “Bakı”nın baş məşqçisi Qyoko Hacievski isə heç də bütün göstəricilərini təzələyə bilmədi. Azərbaycan karyerasında ən böyük qələbəsini qazanan mütəxəssisin karyerasında kifayət qədər belə nəticələr olub ki, Makedoniya yığmasının Lixtenşteynə “divan tutması”nın yanında 10:0 da “xırda” görünür. Lakin makedoniyalı çalışdırıcısı əcnəbi mütəxəssislərin Azərbaycan kubokunda ən böyük hesablı qələbəsini qazandı. Ümumilikdə isə bu gəlmələrin ölkəmizdəki rekordunun təkrarıdır. İndiyədək bir əcnəbi mütəxəssis də - Viktor Pışev də 10:0 hesablı qələbənin şahidi olmuşdu.





0