Cemə Mübariz Mənsimov sponsorluq edəcək - MÜSAHİBƏ
31.10.2008 - 12:30
Cemə Mübariz Mənsimov sponsorluq edəcək - MÜSAHİBƏ
Futbol üzrə Azərbaycan milli komandasına real namizəd, Almaniyanın “Ayntraxt” klubunun 12 yaşlı yarımmüdafiəçisi Cem Fələyin atası Vural Fələyin “APA-Sport”a eksklüziv müsahibəsi

- Azərbaycanda Cem Fələklə bağlı xəbər şok effekti yaradıb. Doğrudanmı, tezliklə yığmamızda türk futbolçu çıxış edəcək?
- Biz hər zaman söyləmişik ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Bunu oğlum Cemə də başa saldım və o, məni çox yaxşı anladı. Biz qardaş xalqlarıq. İnşallah, Cem Azərbaycan milli komandasında oynayacaq. Bu məsələ 99 faiz həll olunub.

- Siz milliyyətcə türksünüz və uzun müddətdir Almaniyada yaşayırsınız. Nəyə görə Türkiyə və Almaniya deyil, Azərbaycan yığmasına üstünlük vermək qərarına gəlmisiniz?
- İş ondadır ki, bizim Azərbaycanla gözəl əlaqələrimiz var. Dostlarımın yarısı azərbaycanlıdır. Onlar bizə çox qonaq gəliblər, mən də dəfələrlə Azərbaycanda olmuşam. Evimizdə əsasən Azərbaycan telekanallarını izləyirik. Bir sözlə, iş gördüyüm, görüşdüyüm, səmimi münasibətdə olduğum insanları əksəriyyəti azərbaycanlıdır.

- Azərbaycanla bağlılığınız varmı? Burada qohumlarınız yaşayırmı?
- Yox. Amma orada qohumdan da yaxın saydığım insanlar yaşayırlar.

- Bunlar arasında futbol adamları var?
- Bəli. Köhnə “qol kralı” Nazim Süleymanov, eləcə də tanınmış müğənni Baloğlan Əşrəfovla yaxından dostluq edirəm.

- Bildiyimizə görə, Azərbaycan milli komandasının rəsmiləri oğlunuzu yığmaya cəlb etmək üçün evinizə gəliblər.
- Azərbaycanın aşağı yaş qruplarından ibarət yığmalarının baş məşqçisi Bernard Lippert və ona vaxtilə “Ayntraxt”da kömək etmiş Səməd Məsudi bizə gəlmişdilər. Lippert oğlumu “Ayntraxt”da işlədiyi dövrdən tanıyır. Hazırda Səməd bəy “Ayntraxt”ın uşaq komandalarına nəzarət edir. AFFA ilə “Ayntraxt” arasında bağlanan müqaviləyə əsasən, Lippert bu ilin dekabrında 17-18 yaşlı futbolçuları Almaniyaya təlim-məşq toplanışına gətirəcək. Məhz dediyim razılaşmanı əsas götürərək, Cemin bu klubda oynamasına razılıq verdim. Əks təqdirdə, o, indi “Çelsi”nin formasını geyinirdi. Çünki ötən il ingilislər onu transfer etmək istəyirdilər.




- Bəs Cemin nüfuzlu “Çelsi” klubuna keçidinə niyə imkan yaratmadınız?
- Çünki oğlum burada qalanda daha çox diqqət mərkəzində olur. Hər həftə onun haqqında məlumatlar toplanır, məqalələr yazılır. “Çelsi”yə getsəydi, orada təhsil alacaq, yaşayacaq və ailədən uzaqda olacaqdı. Cemi hər səhər məşqə özüm aparıb, özüm də gətirirəm. Heç oğlum da ailədən kənarda yaşamaq istəmir.

- Cemin fiziki göstəriciləri barədə məlumat verə bilərsinizmi?
- Boyu 152 sm, çəkisi 40 kq-dır. 10 nömrəli formada çıxış edir. Pleymeyker funksiyasını yerinə yetirir.

- AFFA rəhbərliyi ilə müqavilə bağlamaq üçün nə zaman Bakıya gəlməyi planlaşdırırsınız?
- Noyabrın ortalarında. Bildiyimə görə, hazırda Lippert xarici ölkələrdə səfərdədir. O, Azərbaycana qayıtdıqdan sonra biz də noyabrın sonunadək Bakıya təşrif buyuracağıq.

- Futbolumuz, milli komandamız haqda hansı məlumatlarınız var?
- Azərbaycan futbolunda böyük irəliləyiş nəzərə çarpır. Bu idman növünə çoxlu maddi vəsait xərclənməsindən xəbərdarıq. Bilirik ki, ölkənizdə bir sıra yeni stadionlar tikilir, uşaq futboluna diqqət yetirilir. “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimovun fəxri prezidenti olduğu “Xəzər-Lənkəran”ı yaxşı tanıyıram. Mübariz bəylə yaxşı əlaqələrimiz var. O, Cemlə maraqlanır, onun CV-ləri ilə tanış olub. Gələcəkdə oğlumun klub karyerası ilə bağlı bütün qərarı Mənsimov verəcək.

- Maraqlıdır, bu, necə həyata keçiriləcək?
- Mübariz bəylə telefonla danışmışıq. Noyabrda Bakıya səfərim zamanı onunla görüşəcəyim də istisna deyil. Mənsimov Cemin sponsoru olacaq, inandığı insanları ona menecer təyin edəcək. Kim oğlumla müqavilə bağlamaq istəsə, Mübarizə bəyin yanına gedəcək.

- Cemin Azərbaycanda, məsələn “Xəzər-Lənkəran”da çıxış etməsini istəyirsinizmi?
- Biz onun Azərbaycan yığmasında oynamasında maraqlıyıq. Hazırda yalnız bu məsələ müzakirə obyektidir. Onun püxtələşməsi üçün Almaniyada qalması məqsədəuyğundur. O, gələcəkdə Avropanın böyük klublarında oynayacaq. Sizə açıq deyirəm ki, Cem “Barselona”, “Çelsi” və ya “Arsenal”da oynamağı arzulayır.




- Yəqin ki, bir neçə ildən sonra oğlunuz qəti seçimini etməli olacaq. Həmin vaxt Türkiyə, yaxud Almaniya variantı sizə cəlbedici görünməyəcək ki?
- Cem hələ 12 yaşında ikən, almanların maraq dairəsinə düşsə də, biz konkret qərarımızı vermişik. Bunu ailəmizdə müzakirə etdik, hər şeyi ölçüb-biçdik. Oğlumun arzularını da nəzərə aldıq. Cem Azərbaycan yığmasında oynayacaq, qərarımızı dəyişən deyilik!

- Onun vətəndaşlıq məsələsi necə həllini tapacaq?
- Oğlum Azərbaycan vətəndaşı olacaq, bu ölkənin pasportunu daşıyacaq.

- Bəlkə Azərbaycanı seçməyinizdə əsas amil təcrübəli mütəxəssis Berti Foqtsun yığmamızı çalışdırmasıdır?
- İlk növbədə Cemin futbolunuzun inkişafına töhfə verməsini istəyirik. Sadəcə, oğluma dedim ki, Azərbaycan yığmasında oyna, onlara kömək et. Mən Cemə Azərbaycanın futboldan başqa sahələri haqda da danışmışam. O, ölkənizin 16 ildir müstəqil olduğunu, müharibə şəraitində yaşadığınızı, torpaqlarınızın işğal edildiyini, 14 il öncə atəşkəs bağlandığını, yaralarınızın böyüklüyün bilir. Bir də ki, türklərin başqa ölkələrin yığmalarında oynamasına çox rast gəlinir. Məsələn, Ümid Qorxmaz Avstriya, Məsut Yezil Almaniya milli komandasının şərəfini qoruyur. Azərbaycanlılar bizimlə çox yaxşı davranırlar. Tez-tez zəng vururlar, Cemlə maraqlanır, nə lazım olduğunu soruşurlar. Belə həssas münasibət bizi təsirləndirir. Və mən də qərarı verdim ki, oğlum Azərbaycanda oynayacaq, vəssalam!

- Milli komandamız dünya çempionatının seçmə mərhələsində Almaniya ilə eyni qrupda yer alıb. Almaniyada bizimlə keçiriləcək oyunlar, həmçinin futbolumuz haqqında nə fikirdədirlər?
- Yığmanız mötəbər turnirlərdə çıxış etmədiyindən, burada bir o qədər də tanımırlar. Bununla belə, almaniyalılar heç vaxt rəqibə yuxarıdan aşağı baxmırlar. Bunu hələ uşaq yaşlarından futbolçulara təbliğ edirlər, onların beyinlərinə yeridirlər. Misal üçün deyim ki, Cemin formasını geyindiyi “Ayntraxt” güclü komandadır, amma istənilən matçda məşqçilər futbolçulara rəqiblərin zəif olmadığını söyləyirlər.

- “Ayntraxt”da Cemdən başqa digər türklər də forma geyinirlər. Onların arasında da Azərbaycan yığmasını seçmək istəyənlər var?
- Bunu dəqiq bilmirəm. Onu deyim ki, Cemi dekabrda məşhur CNN telekanalına dəvət ediblər. Artıq Almaniya mətbuatında onun barəsində məqalələr çap olunur. Allahın köməkliyi ilə, onun Azərbaycan milli komandasında çıxışı rəsmiləşdikdən sonra Almaniya, Türkiyə, ardından bütün dünya bundan xəbər tutacaq. Beləliklə, türklər bunun necə reallaşdığını bizdən soruşacaqlar. Oğlumun Azərbaycan yığmasını seçməsi böyük iş, irəliyə doğru addım və yaxşı reklam olacaq.


0