Siyasətçilərlə idman jurnalistləri arasında dava düşdü
31.10.2008 - 12:45
Siyasətçilərlə idman jurnalistləri arasında dava düşdü
Bakı. Mehman Süleymanov - APA-Sport. Böyük Britaniya siyasətçiləri ilə idman jurnalistləri arasında Qlazqo şəhərində keçirilən futbol matçı qalmaqalla bitib. “APA-Sport”un məlumatına görə, meydandakı gərginlik, əsəblərin tarıma çəkilməsi 55-ci dəqiqədə hesab 6:2 irəlidə olarkən oyunun yarımçıq dayandırılması ilə nəticələnib. Tərəflər arasında iğtişaşın kəsilmədiyini və bunun dava-dalaşa gətirib çıxardığını görən hakim görüşü vaxtından əvvəl bitirməyə məcbur olub.

Vəziyyət o həddə çatıb ki, siyasətçi Con Parkın BBC-nin şotlandiyalı müxbiri Çik Yanqa yetirdiyi ağır xəsarət nəticəsində sonuncu meydanı yarımçıq tərk edib. Bu hərəkətinə görə meydandan qovulan siyasətçinin komanda yoldaşı Frenk Makaviti isə lap “ağırını çıxarıb”. Şotlandiyanın sabiq idman naziri olan bu şəxs qırmızı vərəqə almasa da, oyunun gedişində söyüşlər yağdırdığı hakimi sonradan həm də hədələyib.

Maraqlıdır ki, mətbuat nümayəndələri meydandan kənarda paylarını alıblar. Aralarında ölkənin aparıcı jurnalistləri olan britaniyalı həmkarlarımız oyunda baş verənləri təsadüfən bir-birlərinə söz vermədikləri halda yazmayıblar. Ancaq parlamentin nümayəndələrindən kiminsə yoldaşlıq görüşündəki insidentlə bağlı informasiyanı mətbuata ötürməsi sayəsində hamı baş verənlərdən xəbər tutub. Nəticədə jurnalistlər öz rəhbərlərindən şiddətli töhmət alıblar.
0