Hər qol üçün 100 min avro!
31.10.2008 - 16:55
Hər qol üçün 100 min avro!
Bakı. Mehman Süleymanov - APA-Sport. İtaliyanın “Syena” klubu məşhur braziliyalı hücumçu Ronaldonu ələ keçirmək üçün şirnikləndirici vasitəyə əl atıb. “APA-Sport”un məlumatına görə, A seriyasında çıxış edən komandanın prezidenti Covanni Lombardi Stronati ikiqat dünya çempionuna vurduğu hər qola görə 100 min avro ödəməyə hazır olduğunu deyib.

Onun fikrincə, bir ilə yaxındır zədə üzündən oynamayan 32 yaşlı hücumçu belə cəlbedici təklifi qəbul edəcək: “Hazırda bu məsələnin gerçəkləşməsi üzərində işləyirik. Eşitdiyimə görə, Ronaldo karyerasını başa burmaq düşünür. Ona karyerasını elə bizim klubda bitirməyi təklif etməyə hazıram. Bunun üçün onunla müqavilə bağlamaq istəyirik. Artıq Ronaldonun agenti ilə söhbətim olub və müştərisinə komandamızın heyətində vurduğu hər qola görə 100 min avro təklif etmişəm. Ronaldonun vurduğu qolların “Syena”nın turnir cədvəlindəki vəziyyətinin yaxşılaşdıracağına əminəm. Fikrimcə, Ronaldo bizə kömək edə bilər”.

“Syena” hazırda A seriyasında 13-cü yerdə gedir.
0