Çertoqanov sözünün ağası olmadı
31.10.2008 - 18:08
Çertoqanov sözünün ağası olmadı
Bakı. Mehman Süleymanov – APA-Sport. “Əvəzedici heyətdə oynamağa böyük həvəsim olmasa da, klubla bağlanan müqavilənin şərtlərinə əməl etmək lazımdır. Mən də bunu nəzərə alaraq, Rəşad Sadıqovla birgə “Neftçi-2”nin məşq prosesində iştirak edirəm”. Bunu “APA-Sport”a açıqlamasında “Neftçi” klubunun əsas heyətindən uzaqlaşdırılan ukraynalı futbolçu Aleksandr Çertoqanov deyib.

Almaniyalı baş məşqçi Hans-Yurgen Gedenin apardığı islahatın qurbanlarından biri olan 28 yaşlı yarımmüdafiəçi az öncə ikinci komandada yer almaq istəmədiyini demişdi. Cari mövsümün sonunadək nəzərdə tutulan anlaşma ilə bağlı öhdəçiliyi yerinə yetirməyin vacibliyini anlayan Çertoqanov indi başqa fikirdədir. O, “Neftçi-2”də çıxış etməyi özü üçün qəbahət saymadığını vurğulayıb: “Məşqlərdə iştirak edib, formamı saxlamağa çalışacağam. Baş məşqçi Arif Əsədovun bütün tapşırıqlarını yerinə yetirəcəyəm. O, mənə şans verərsə, əvəzedicilərin çempionatında meydana çıxmağa hazıram. Qış fasiləsinə qədər orada olacağıq. Sonra isə nə qərar verilər, ona əməl edərik. Azərbaycanda çıxış etdiyim 4 ildən artıq müddətdə səviyyəmi yüksəltmişəm. Mənə azad agent statusu verilsə, hər halda, özümə yeni klub tapacağam”.

Çertoqanov iki ildən artıqdır formasını geyindiyi milli komandamızda da hər zaman çıxış etməyə hazır olduğunu söyləyib. Onun fikrincə, yenidən vətənində çıxış edəcəyi halda da, yığmamızdan gələn təklifdən imtina etməyəcək: “Gedenin qərarının yığma karyerama mənfi təsir göstərəcəyi istisna deyil. Hər halda, milliyə kimi çağırıb-çağırmamağı baş məşqçi Berti Foqts müəyyənləşdirir. Yayda İntertoto kubokunun oyunlarına görə heç əməlli-başlı dincələ bilmədim. Buna görə də qış fasiləsində mütləq vətənimə istirahətə yollanacağam. Fiziki hazırlığımın zəif olduğunu deyirlərsə, belə çıxır ki, mənə istirahət etməyə imkan yaradırlar”.

Sadıqov və Çertoqanovdan fərqli, Georgi Adamiya əvəzedici komandanın məşqlərində iştirak etmir. Bununla bağlı “APA-Sport”a açıqlama verən gürcü hücumçunun sözlərinə görə, ona ikinci komandada yer almaq təklifi olunmayıb: “Əsas komandadan çıxarıldıqdan sonra məşq etmirəm. Rəşadla Saşa yığmanın üzvləri olduğundan, onların daim hazırlıq keçməsi vacibdir. Mənə də “Neftçi-2”nin hazırlığında iştirak etmək deyilsə, bunu icra etməkdə problem görmürəm. Klub rəhbərliyi ilə gələcək taleyimlə bağlı hələ söhbətləşməmişəm. Ola bilsin ki, vətənimə yollanana qədər azad agent statusu aldım”.
0