Fələk Azərbaycanda futbolçu tanımır
31.10.2008 - 19:45
Fələk Azərbaycanda futbolçu tanımır
Bakı. Mehman Süleymanov - APA-Sport. “Komandada işlərim yaxşıdır. Məşqlərdə öz üzərimdə çox çalışıram. Məqsədim gələcəkdə məşhur futbolçu olmaqdır”. Bunu “APA-Sport”a eksklüziv açıqlamasında Azərbaycan yığmasına namizəd Cem Fələk deyib.

Almaniyanın “Ayntraxt” klubunun şərəfini qoruyan və əslən türk olmasına baxmayaraq, milli komandamızda oynamaq istədiyini bildirən 12 yaşlı futbolçunun sözlərinə görə, Bakıya gələcəyi günü səbirsizliklə gözləyir: “Azərbaycan yığmasında oynamağı çox istəyirəm. Azərbaycan bizim ikinci vətənimizdir. Bu ölkənin milli komandasında çıxış etmək mənim üçün şərəfdir. Gələcəkdə Almaniya və ya Türkiyə yığmasında oynamaq istəmirəm. İnşallah, noyabrın ortalarında Bakıya gələcəyəm”.

Son 7 mövsümdə rəsmi görüşlərdə 1085 qol vuran Cem Azərbaycan yığmasında da çoxlu qol vurmaq arzusundadır: “İstərdim ki, Azərbaycan milli komandasında da fərqlənim. Yığmanıza, futbolunuzun inkişafında öz köməyimi göstərmək istəyirəm. Bildiyimə görə, ölkənizdə yüksəlişə nail olmaq üçün yeniliklər edilir. Azərbaycanın dünya çempionatının seçmə mərhələsində almanlarla eyni qrupda yer almasını bilirəm. Mən də gələcəkdə yığma komandanızın heyətində belə mötəbər turnirlərin iştirakçısı olmaq, oyunumla yüksək nəticə qazanmaq istəyirəm. İnşallah, debütüm uğurlu alınar”.

Azərbaycandan heç bir futbolçunu tanımadığını vurğulayan Fələk kumirlərinin adlarını da deyib: “Zidan, Messi və Riberi ən çox sevdiyim futbolçulardır. Gələcəkdə onlar kimi oynamaq istəyirəm. Komandanda 10 nömrəli formanı məhz Zidana görə götürmüşəm. Çünki Zinəddin bu nömrə altında çıxış edib. Gələcəkdə “Çelsi”, “Arsenal”, “Barselona” klublarında çıxış etmək istəyərəm. Türkiyədə ən çox sevdiyim klub isə “Qalatasaray”dır. Ancaq bu komandada oynamaq arzusunda deyiləm. Hesab edirəm ki, artıq 16 yaşında böyük futbolda öz sözümü deyəcəyəm”.

Cem Azərbaycanda çıxış edən həmyaşıdlarına da arzusunu çatdırıb: “Onların çox çalışması lazımdır. İşgüzarlıq və istedad sayəsində böyük futbolçu olmaq mümkündür. Azərbaycandakı həmyaşıdlarıma salamlarımı çatdırıram və onlara gələcək işlərində uğurlar arzulayıram”.
0