Rəşad Sadıqov dizinə döyür
03.11.2008 - 11:35
Rəşad Sadıqov dizinə döyür
Bakı. Mehman Süleymanov - APA-Sport. “Mənim “Neftçi” ilə müqaviləm cari mövsümün sonunda başa çatacaq. Hansısa komandaya keçmək üçün ilk növbədə klub rəhbərliyi ilə danışıb, azad agent statusuna malik olmalıyam”. Bunu “APA-Sport”a açıqlamasında “Neftçi” klubunun əsas heyətindən kənarlaşdırılan Rəşad Sadıqov deyib.

Artıq “Neftçi-2”nin heyətində meydana çıxan 26 yaşlı müdafiəçi bildirib ki, komanda rəhbərliyinin ona transfer vərəqəsini verməkdə problem yaratmayacaq: “Müqavilədə ölkə xaricindən dəvət gələrsə, buna imkan yaradılması ilə bağlı bənd yoxdur. Hər halda, klub rəhbərliyinə inanıram və onların gedişimə problem yaratmayacağını düşünürəm. Azad agent statusuna malik olmayacağına qədər mən “Neftçi”nin futbolçusuyam və heç bir klubla danışıq aparmaq fikrim yoxdur”.

Əsas heyətə qaytarılacağına ümidini itirməyən Sadıqov yerli klubların onunla maraqlandığını deyib. Konkret ad açıqlamayan müdafiəçi uzun müddət bir yerdə oynadığı, sonradan isə “Neftçi”də rəhbərliyi çıxış etdiyi Qurban Qurbanovla bağlı məsələyə də aydınlıq gətirib: “Mənə rəsmi təklif alanlar arasında Qurbanovun çalışdırdığı “Qarabağ” klubu yoxdur. O, bir dost kimi güclü klubda çıxış etməyimi, işlərimin yaxşı getməsini istəyir. Qurban hələ əvvəl səviyyəmi artırmaq üçün çempionatımızda çıxış etməməyi, ölkədən kənarda çıxmağı tövsiyə etmişdi. Ancaq həmin vaxt onun sözünə qulaq asmayaraq, “Neftçi”də qaldım”.

Yenidən Türkiyədə çıxış etmək perspektivinə toxunan futbolçu artıq təklif aldığını vurğulayıb: “Türkiyədəki menecerlərdən zənglər gəlir. Bu ərəfədə İlqar Qurbanovun çıxış etdiyi aşağı liqa klubu “Boluspor” mənimlə maraqlanıb. Belə ki, klub prezidenti İlqardan mənim necə futbolçu olmağım haqda soruşub. “Boluspor”un müdafiə xəttində problemlər olduğunu bilirəm. Ancaq bütün diqqəti bu komandaya yönəltmək də düzgün olmazdı”.













0