“Rubin”: Rusiyanın yeni çempionu
03.11.2008 - 11:44
“Rubin”: Rusiyanın yeni çempionu
Bakı. Mehman Süleymanov - APA-Sport. Rusiya Premyer Liqasında cari mövsümün qalibi sona üç tur qalmış bəlli olub. “APA-Sport”un məlumatına görə, Tatarıstanın paytaxtı Kazanı təmsil edən “Rubin” tarixində ilk çempionluğu qazanıb. Qurban Berdıyevin çalışdırdığı komanda XXVII turda səfərdə “Saturn”u Roman Adamov və milli komandamıza qarşı Bakıda oynamış serb hücumçu Savo Miloşeviçin vurduğu qollarla 2:1 hesabı ilə məğlub edib. Maraqlısı odur ki, Rusiyada ardıcıl ikinci mövsümdür çempion “Saturn”la Ramenskoyada keçirilən görüşdə müəyyənləşir. Ötən mövsüm “Zenit” Moskva ətrafı şəhəri təmsil edən komandanı minimal hesabla yenməklə (1:0), tarixində ilk çempionluğu qazanmışdı. Həmin vaxt ilk Rusiya çempionu olan türk futbolçu Fatih Təkkənin yolunu həmyerliləri Gökdəniz Karadənizlə Hasan Kabze davam etdirib. Hər iki futbolçu “Rubin”in heyətində debüt mövsümündəcə qızıl medal qazanıblar. Kazan klubunun çempionluğunun rəsmiləşməsinə ən yaxın izləyicisi olan Moskvanın MOİK klubunun həmşəhərliləri “Spartak”a 0:1 hesablı uduzması imkan yaradıb.
Qeyd edək ki, indiyədək Rusiya çempionları bu iki klubla yanaşı, Moskvanın daha bir təmsilçisi “Lokomotiv” və Vladiqafqazın “Alaniya” klubu olub. Milli komandamızın sabiq hücumçusu Nazim Süleymanov 1995-ci ildə qızıl medal qazanan “Alaniya”nın heyətində yer alıb. “Zenit” və “Rubin”in ilk çempionluqlarından sonra Rusiyada artıq iki ildir Moskva klublarının çempionuq hegemonluğuna son qoyulub.
0