Emin Ağayevlə Daniel Axtyamov mövsümü bitirdi
03.11.2008 - 15:11
Emin Ağayevlə Daniel Axtyamov mövsümü bitirdi
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Azərbaycan milli komandasının iki sabiq futbolçusu mövsümü bitirib. “APA-Sport”un məlumatına görə, Emin Ağayev və Daniel Axtyamovun çıxış etdiyi Rusiya çempionatının ikinci dəstəsində yarışlara yekun vurulub.
Ağayevin forma geydiyi “Volqa” keçirdiyi 36 oyunda 56 xal toplayaraq, Qərb zonasında 5-ci yeri tutub. Komandasının heyətində 33 matça çıxıb bunların 28-də 90 dəqiqə meydanda olan 35 yaşlı müdafiəçi ümumilikdə 2823 dəqiqə mübarizə aparıb. Tver təmsilçisinin ən çox sarı vərəqə alan oyunçusu olan Ağayev 8 dəfə cəzalanıb. Çempionatda bir dəfə fərqlənən Emin “Zenit-2”nin qapısına yol tapıb. Rusiya kubokunun da iştirakçısı olan müdafiəçi iki oyunda 117 dəqiqə meydanda olub.

Qərb zonasının daha iddialı komandasında – “Şeksna”da çıxış edən Axtyamov yalnız ikinci dövrədə çerepovetslilərin düşərgəsinə qoşulub. Mövsümü 68 xalla bitirən “Şeksna” öz zonasında üçüncü yeri tutub. Daniel yeni komandasında cəmi 10 matça çıxıb ki, bunlardan 3-də əvəzlənmədən mübarizə aparıb. Ümumilikdə, 682 dəqiqə meydanda olan 25 yaşlı hücumçu iki qolun müəllifi olub. Həmyerlilərimizin bir-biri ilə qarşılaşmasında “Volqa”nın qapısına qol vuran Axtyamov son tutun “Zenit-2” ilə görüşündə də sevinib.


0