Meyra Portuqaliyada heç-heçə arzulayır
03.11.2008 - 15:40
Meyra Portuqaliyada heç-heçə arzulayır
Bakı. Kənan Həsənov - APA-Sport. “Portuqaliyada heç-heçə çox yaxşı nəticə olar”. “APA-Sport”un məlumatına görə, bu sözləri “Qalatasaray”ın legioneri Fernando Meyra söyləyib.

Portuqaliya yığmasının da şərəfini qoruyan təcrübəli müdafiəçi UEFA kubokunun qrup mərhələsi çərçivəsində noyabrın 6-da səfərdə “Benfika” ilə keçirəcəkləri oyunun çətin olacağını bildirib: “Rəqibimizin qələbə üçün oynayacağını bilirik. Amma biz də Portuqaliyaya minimum 1 xal dalınca gedəcəyik. İstanbulda “Olimpiakos”u məğlub etməklə önəmli qələbə qazanmışıq. Fikrimcə, bu görüş hər iki tərəf üçün çətin olacaq”.

Rəqibin güclü heyətə malik olduğunu etiraf edən Meyra, “Qalatasaray” haqda da yüksək fikirdə olduğunu vurğulayıb: “Rəqibin oyununu hələ analiz etməmişik. Onların hər mövqedə güclü futbolçuları var. Bizim isə zədəlilərimiz çoxdur. Amma heyətdə beynəlxalq təcrübəyə malik gənc istedadlar var. “Qalatasaray” UEFA kubokunda uğur qazanmaq istəyən, böyük hədəfləri olan bir komandadır”.

2000/2001 mövsümündə “Benfika”nın şərəfini qoruyan Fernando keçmiş komandası ilə bağlı xoş xatirələrinin olduğunu da qeyd edib.
0