Superliqa klubu Sadiqovla maraqlanıb
03.11.2008 - 16:57
Superliqa klubu Sadiqovla maraqlanıb
Bakı. Mehman Süleymanov – APA-Sport. “Mən “Neftçi-2”yə görə Gedenin hərəkətinə görə getmirəm. Onun mənə qarşı etdiklərindən sonra verdiyim sözə əməl edirəm”. Bunu “APA-Sport”a açıqlamasında “Neftçi” klubundan kənarlaşdırılan Rəşad Sadiqov deyib.

Alman baş məşqçi Hans-Yurgen Gedenin apardığı islahatların ilk qurbanlarından olan 25 yaşlı futbolçu eyni aqibətlə üzləşdiyi komanda yoldaşı Elnur Allahverdiyevlə birgə fərdi məşqlərini davam etdirir. Rəşad “Neftçi-2”yə göndərilən və orada məşqə çıxan Rəşad Sadıqov, Aleksandr Çertoqanov və Georgi Adamiyadan özünü artıq saymır. Sadiqov adaşı ilə Çertoqanovun yığmamızın üzvü olduqlarından, daim formada olmalarının vacibliyini qeyd edib: “Onsuz da yığmaya çağırılmıram. Gedeyə qarşı prinsip aparmadığım halda, onun bu münasibəti mənə çox pis təsir etdi. NBC ilə görüşdə rəhbərliyin yanında şans verəcəyini desə də, məni aldatdı. Oynatmamağının səbəbini soruşanda cavabı “mən belə istəyirəm” oldu. Məgər bura “lotuluq” etmək yeridir? Onun baş məşqçi olması özbaşınalığına əsas vermir. Klub rəhbərliyi futbolçular üçün külli miqdarda pul xərclədiyi halda, Gede onları qaçırdır”.

Bir neçə klubdan təklif aldığını deyən Rəşadın sözlərinə görə, onların arasında “Qarabağ” klubu yoxdur. “Mətbuatda “Qarabağ”a keçəcəyim haqda yazılsa da, bu komanda ilə danışığım olmayıb. “Neftçi” ilə müqaviləm olduğu halda, mənimlə maraqlanan klubların adlarını çəkmək yaxşı çıxmaz. Hər halda, 3-4 günə rəhbərliklə gələcək taleyimi hərtərəfli müzakirə etmək fikrindəyəm”.

Milli komandamızın sabiq yarımmüdafiəçisi ölkədən kənarda çıxış etmək perspektivinin də üstündən xətt çəkməyib: “Yayda Türkiyədə oynamaq variantım vardı. Adını çəkmək istəmədiyim bir Superliqa klubu mənimlə maraqlanırdı. Türklər Rəşad Sadıqovdan orta sahə oyunçusu lazım olduğunu deyəndə, adaşım oyunlarım olan diski göndərmişdi. Sadəcə, həmin vaxt İntertoto kubokunun matçları keçirildiyindən, Türkiyəyə getmədim”.


0