Foqts kəşfiyyata çıxıb
03.11.2008 - 17:54
Foqts kəşfiyyata çıxıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Almaniya çempionatını izləyib. “APA-Sport”un məlumatına görə, “Hannover-96” və “Hamburq” arasında keçirilən şimal derbisinə yollanan Foqtsun səfəri heç də əbəs olmayıb. Almaniya mətbuatı mütəxəssisin Hannoverə getməsinin kəşfiyyat xarakteri daşıdığını iddia edir. Belə ki, gələn il sentyabrın 9-da keçiriləcək Almaniya – Azərbaycan matçı məhz Hannoverdə baş tutacaq. Foqts dünya çempionatının seçmə mərhələsinin görüşündə “AWD-Arena” stadionuna çıxacaq yığmamızla bağlı digər məsələlərin də həlinə çalışıb. O Hannoverdə olduğu vaxt millimizin məskunlaşması üçün üç otel də tapıb. Foqtsun AFFA ilə məsləhətləşmələrindən sonra yığmamızın Almaniya səfərində məskunlaşacağı yer müəyyənləşəcək.


0