Vəli Qasımov Gedeni dəstəklədi
04.11.2008 - 17:47
Vəli Qasımov Gedeni dəstəklədi
Bakı. Mehman Süleymanov – APA-Sport. “Mən Gedenin işinə qarışa bilmərəm. Baş məşqçi kimi nə etdiyini daha yaxşı bilir. Ona bəyənmədiyi futbolçunu komandada saxlamağı necə deyə bilərəm?” Bunu “APA-Sport”a açıqlamasında “Neftçi” klubunun idman direktoru Vəli Qasımov deyib.

Baş məşqçi Hans-Yurgen Gedenin islahatlarına müdaxilə etmək fikrində olmadığını vurğulayan Qasımovun sözlərinə görə, belə məsələlərdə əsas çalışdırıcının qərarıdır: “Komandada baş verənlər haqda Ukraynada olarkən, mətbuatdan xəbər tutdum. Vətənə qayıdandan sonra vəziyyətlə maraqlansam da, bununla nəsə tədbir görmək fikrindən uzağam. Baş məşqçi komandanın çıxışına, nəticəyə cavabdehdir. Yəqin ki, Gede həmin futbolçuları xoşuna gəlmədiyinə, oyunlarına görə komandadan kənarlaşdırıb. Hər halda, o da baş məşqçi kimi komandada vəziyyətin yaxşı olmasını istəyər”.

Hazırda “Neftçi” klubunun turnir cədvəlində 10-cu yerdə qərarlaşmasına üzülən 40 yaşlı veteran futbolçu bu mövsüm çempion ola bilməyəcəkləri ilə artıq barışıb: “Komandanın belə vəziyyətə düşməsi tək mənə yox, hamıya pis təsir edir. “Neftçi” milli çempionatlar tarixində ən uğursuz mövsümünü keçirir və heç kim bunun belə olmasını istəməz. Artıq bu mövsüm çempionluq əldən gedib. İndi ölkə kubokuna, gələcəyə diqqət yetirmək lazımdır. Vəziyyətin yaxşılığa doğru dəyişəcəyinə inanıram”.

Qeyd edək ki, Vəli Qasımov bu ilin iyunundan “Neftçi” klubunda çalışır.
0