“Boluspor” rəhbərliyi Sadıqovla maraqlandığını təsdiqlədi
04.11.2008 - 18:37
“Boluspor” rəhbərliyi Sadıqovla maraqlandığını təsdiqlədi
Bakı. Mehman Süleymanov - APA-Sport. “Rəşad Sadıqovun komandamızın maraq dairəsinə düşməsi barədə yayılan xəbərlər doğrudur. Biz həqiqətən də bu müdafiəçini komandamızda görmək istəyirik”. Bunu “APA-Sport”a eksklüziv açıqlamasında Türkiyə çempionatının aşağı liqasında çıxış edən “Boluspor” klubunun futbol şöbəsinin müdiri Osman Gürsoy deyib.

“Neftçi”nin əsas heyətindən qovularaq, ikinci komandaya göndərilən Sadıqovun transfer etmək niyyətlərinin ciddi olduğunu bildirən Gürsoy bunun üçün qış fasiləsini gözləməyi daha məqsədəuyğun sayıb: “İndi transfer müddəti deyil. Bunun üçün qış fasiləsini gözləmək lazımdır. Hər halda, biz Rəşadla indidən maraqlanırıq və onunla bağlı məlumat toplayırıq. Sadıqovun Azərbaycan milli komandasının kapitanı olduğunu, vaxtilə Superliqada “Kayserispor”un heyətində çıxış etməsindən xəbərimiz var. Arxa xətdə problemlərimiz olduğundan Rəşad bu mənada bizə kömək edə bilər”.

Gürsoy “Boluspor” klubunda oynayan həmyerlimiz İlqar Qurbanovun çıxışı haqda da danışıb: “İlqar uzun müddət zədə səbəbindən meydana çıxa bilmədi. Amma onun əsas heyətə dönüşü uğurlu alındı. Son turda qələbə topunun müəllifi oldu. Biz komandamızda daha bir azərbaycanlı futbolçu görmək istərdik”.

Qeyd edək ki, Rəşadın “Neftçi” ilə cari mövsümün sonuna qədər müqaviləsi var.
0