Abdullayev Abdullayevin cavabını verdi
05.11.2008 - 13:01
Abdullayev Abdullayevin cavabını verdi
Bakı. Kənan Həsənov - APA-Sport. “Xəzər Lənkəran” klubunun futbolçusu Rəşad Abdullayev son günlər adı ətrafında yaranan xoşagəlməz söz-söhbətə aydınlıq gətirib. “APA-Sport”un məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi heç vaxt Azərbaycan yığmasının formasını geyinməkdən imtina etmədiyini bildirib.

“Bu mövzunun müzakirə obyektinə çevrilməsi mənim üçün xoş deyil. Yığmada oynamaq istəyimin şübhə altına alınması ədalətsizlikdir. O formanı geyinmək mənim üçün şərəfdir. Milli mənim də arzumdur və bu arzuma çatmaq üçün yalnız bir problem həll olunmalıdır - yığmanın məşqçiləri məni komandaya dəvət etməlidirlər. Uzun müddət gözlədiyim dəvət nəhayət gerçəkləşərsə, yığma komandaya dönüşümü heç nə əngəlləyə bilməz” - deyə Abdullayev söyləyib.

Qeyd edək ki, bir müddət öncə yığmanın məşqçisi Elxan Abdullayev “Xəzər-Lənkəran” rəhbərliyini yarımmüdafiəçini ölkənin əsas komandasına buraxmamaqda günahlandırmışdı. Abdullayev daha sonra isə Rəşadı milli formanı geyinməmək üçün zədəsini bəhanə gətirməkdə ittiham etmişdi.


0