“Neftçi”nin futbolçusu “Qalatasaray”da oynamaq istəyir
05.11.2008 - 14:21
“Neftçi”nin futbolçusu “Qalatasaray”da oynamaq istəyir
Bakı. Mehman Süleymanov - APA-Sport. “Almaniyaya gedəcəyimlə bağlı xəbəri eşidəndə həyəcanlandım. Bu faktdır ki, üzərimizə böyük məsuliyyət düşür. Çünki bizim özümüzü necə göstərməyimizdən çox şey asılıdır”. “APA-Sport”un məlumatına görə, bu sözləri Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının üzvü Emin Mehdiyev AFFA-nın rəsmi İnternet saytına müsahibəsində deyib.
Almaniyanın “Ayntraxt” klubunun heyətində bir ay təlim-məşq toplanışında iştirak edəcək yeniyetmə yarımmüdafiəçi İslam Kərimovun rəhbərlik etdiyi “Neftçi”nin 17 yaşlılardan ibarət komandasında oynayır. Emin məhsuldar oyun göstərmək fikrindədir: “İndiyədək 2 dəfə rəqib qapısına yol tapmışam. İnşallah, qolların ardı gələcək. “Ayntraxt”a gedəcəyim haqda yığma komandanın məşqçisi Mirbağır İsayev məlumat verdi. Biz də məşqçilərin etimadını oyunumuzla doğrultmağa çalışacağıq”.
Heç vaxt çətinlikdən qorxmadığını vurğulayan Mehdiyev “Ayntraxt”da özünü yaxşı tərəfdən göstərmək niyyətindədir: “Psixoloji cəhətdən hazırlaşıram. Sınaqdan üzüağ çıxacağımıza inanıram”. “Neftçi”nin futbolçusu karyerasını Türkiyədə davam etdirmək arzusunu da gizlətməyib: “Nədənsə, “Ayntraxt”da hazırlıq keçəcəyimə içimdə bir inam var idi. Düzdür, ətrafımda olan insanlardan heç biri bunu gözləmirdilər. Amma artıq arzularımdan biri reallaşmaq üzrədir. Gələcəkdə Türkiyənin dörd böyük klubundan biri olan “Qalatasaray”ın şərəfini qorumaq istəyirəm”.
0