“Ayntraxt”ın məşqlərinə tam hazıram”
05.11.2008 - 15:28
“Ayntraxt”ın məşqlərinə tam hazıram”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Ayntraxt”a gedəcəyim ağlıma gəlməzdi. Bu, əsl sürpriz oldu”. “APA-Sport”un məlumatına görə, bunu Azərbaycanın 17 yaşlılardan ibarət komandasının milliləşən futbolçusu Andrey Popoviç AFFA-nın rəsmi saytına müsahibəsində deyib. Futbolda ilk addımlarını Ukraynada Aleksandr İvanoviçin rəhbərliyi altında atan Popoviç ölkəmizə gələnədək “Zakarpatye” klubunda çıxış edib. Vətənində həmyaşıdları arasında təşkil edilən ölkə birinciliyin iştirakçısı olan ukraynalı yığmamızı seçdiyinə görə peşman deyil: “Donetsk “Metallurq”unda olarkən, U-17 və U-21-in baş məşqçisi, müxtəlif yaş qrupları üzrə texniki direktor Bernard Lippertlə AFFA-nın Beynəlxalq Əlaqələr Departamentinin rəisi Orxan Hüseynzadə oyunumu izləyib, bəyəniblər. Bundan sonra Azərbaycan yığmasında oynamaq təklifi aldım. “Ayntraxt” klubunda bir aylıq təlim-məşq toplanışı keçməklə bağlı seçimlər uğurla keçdi. Məşqçilər bizə uğurlar arzuladı və çox şey gözlədiklərini bildirdilər. Məşqlərin çətin keçəcəyini bilirəm və özümü buna tam hazır sayıram”.
Qeyd edək ki, Andrey bu ay Almaniyanın Frankfurt şəhərində yığmadakı komanda yoldaşı Emin Mehdiyevlə birgə yollanacaq.
0