Sxadadze finaldan dəm vurur
05.11.2008 - 15:41
Sxadadze finaldan dəm vurur
Bakı. Mehman Süleymanov - APA-Sport. “İnter”lə ilk oyundakı 2:2 hesablı heç-heçə bizi arxayınlaşdırmır. Əslində, komandamız həmin matçda qalib gəlməli idi. Təəssüf ki, son 20 dəqiqədə buraxdığımız iki qolla qələbəni əldən verdik”. Bu fikirləri “APA-Sport”a açıqlamasında Bakının “Standard” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.

“İnter”lə sabah Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində cavab görüşünə çıxacaq 40 yaşlı gürcü mütəxəssis yalnız qələbə haqda düşünür. Sxadadze sərfəli nəticəyə oynamaq fikrində deyil: “İlk matçda göstərdiyimiz oyunun müqabilində nəticə bizi qane etmədi. Hər halda, rəqib meydanında 2:2 hesablı heç-heçə mərhələ keçmək şanslarımızı rəqiblə müqayisədə artırır. Ancaq bu, o demək deyil ki, 90 dəqiqə arxa xətdə oturmalıyıq. Əgər sabah meydana müdafiə olunmaq, yaxud heç-heçə üçün çıxsaq, onda ¼ final arzularımız puç ola bilər. Cavab görüşündə öz oyunumuzu göstərib, qol vurmalıyıq”.

Sxadadze Premyer Liqada böyük hesabla uduzduqları (0:3) “İnter”i Azərbaycanda ən güclü iki klubdan biri sayır. Gürcü mütəxəssisin fikrincə, son çempionla görüş kubokun finalına çıxmaq perspektivinə aydınlıq gətirəcək: “Fikrimcə, “İnter”lə “Xəzər-Lənkəran” hazırda Azərbaycanın ən güclü klublarıdır. Heyətimizdəki itkilər nəticəsində ehtiyat oyunçular skamyamız qısalıb. Çempionluğa oynayan “İnter”də isə 30-a yaxın və özü də bərabər səviyyəli futbolçu var. Bu komanda hər iki cəbhədə uğurla çıxış etmək iqtidarındadır. Bizim üçünsə kubok çox vacibdir. Bunu ilk növbədə finala qədər gedən yolda potensial rəqiblərimizə görə deyirəm. Yəni, digər qrupla müqayisədə işimiz asandır və bu mənada “İnter”lə sabahkı oyun final perspektivinə aydınlıq gətirəcək. Qış fasiləsində heyətimizi gücləndirib, buna nail ola bilərik”.
0