Polşa çempionu Azərbaycan yığmasının müdafiəçisi ilə maraqlanır
05.11.2008 - 16:34
Polşa çempionu Azərbaycan yığmasının müdafiəçisi ilə maraqlanır
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan yığmasının futbolçusu Saşa Yunisoğlu Polşanın LKS klubuna keçə bilər. “APA-Sport”un məlumatına görə, ölkə çempionatının güclülər dəstəsində uğursuz çıxış edən Lodz təmsilçisi 23 yaşlı müdafiəçi ilə heyətini gücləndirmək istəyir.

Belə ki, ikinci dəfə Polşa çempionu olduqdan sonra - 1998/99 mövsümündə Çempionlar Liqasında “Kəpəz”i mübarizədən kənarlaşdıran (5:1, 4:1) LKS-in bu ilki nəticələri klub rəhbərliyini qane etmir. Cari mövsüm 11 turdan sonra 9 xalla 16 iştirakçı arasında 14-cü olan komandanın baş məşqçisi Marek Çoynaçki heyəti gücləndirmək məqsədilə transfer olunmaq üçün 7 oyunçudan ibarət siyahı hazırlayıb.

24 xalla çempionatın lideri olan Varşava “Poloniya”sında heç cür heyətə düşə bilməyən Yunisoğlunun da adı Çoynaçkinin komandasında görmək istədiyi oyunçular sırasındadır. Paytaxt təmsilçisinin əsas komandasında hələ də debüt etməyən müdafiəçi yalnız əvəzedicilərin çempionatında 6 oyun keçirməklə kifayətlənib.

Qeyd edək ki, bir müddət əvvəl Yunisoğlunun digər Polşa təmsilçisi “Odra”ya keçmək variantı da müzakirə olunurdu.
0