Nakoneçnı “Çernomorets”in məşqçisi təyin olunub
05.11.2008 - 17:19
Nakoneçnı “Çernomorets”in məşqçisi təyin olunub
Bakı. Mehman Süleymanov - APA-Sport. İmişlinin “MKT-Araz” klubunun ukraynalı sabiq baş məşqçisi İqor Nakoneçnı yeni vəzifə alıb. “APA-Sport”un məlumatına görə, 47 yaşlı mütəxəssis Ukraynanın yüksək liqasında çıxış edən Odessanın “Çernomorets” klubunun məşqçisi təyin olunub. O, əsas komandada baş məşqçi vəzifəsini icra edən Sergey Qrişkoya yardımçı olacaq. Nakoneçnı həmyaşıdı ilə Odessa klubunun İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbində birgə çalışıb.
Ukraynalı mütəxəssis ötən ilin avqustunda “MKT-Araz” dağıldıqdan sonra ölkəmizi tərk edib və həmin vaxtdan “Çernomorets”in məktəbində işləyirdi. Qrişko ilə hələ SSRİ dövründə “Çernomorets”də bir yerdə çıxış edən Nakoneçnı müstəqillik dönəmində komandanın baş məşqçisi olub.
Qeyd edək ki, “Çernomorets”in baş məşqçi postu SSRİ dövründə “Neftçi”də çıxış edən həmyerlimiz Vitali Şevçenkonun istefa verməsindən sonra boş qalıb. Odessa klubu 13 turdan sonra turnir cədvəlində 9-cu yerdə gedir.
0