Fələk sayır saydığını...
05.11.2008 - 17:34
Fələk sayır saydığını...
Aqşin Əliyev - APA-Sport. Əvvəla onu deyim ki, heç vaxt həmkarlarımın işinə qarışmaq fikrində olmamışam. Çünki bu, ən azı etik cəhətdən düzgün deyil. Bundan başqa, kosmos əsrində, elmi-texniki tərəqqinin ən yüksək inkişafı dövründə fikir plüralizminə hörmətlə yanaşmaq lazımdır. Ancaq son günlər həm yazılı, həm də elektron KİV-də Almaniyada yaşayan 13 yaşlı türk futbolçu, Azərbaycan yığmasına real namizəd Cem Fələklə bağlı iftira dolu yazılar türkün sözü, məni xəyal qırıqlığına uğradıb.

Sanki 13 yaşlı bu məsum körpə Azərbaycan futbolunun bütün bədbəxtliklərinin günahkarıdır. Sanki hələ də dünyadakı çirkinliklərdən bixəbər olan bu balaca yığmamızın 0:10, 0:8, 0:7 hesablı məğlubiyyətlərinin banisidir. Azərbaycan idman mətbuatını korlayan, futbol jurnalistlərini kölə halına salan, onların zəhmətinə layiqli qiymət verməyən şəxsin adı da heç Cem Fələk deyil. Belə olan halda, hirsimizi ondan çıxmamalıyıq. Cem Fələyin az qala düşmən kimi təqdim olunması isə utancvericidir.

Əgər bu gün bir qəzet Fələyi tərifləyir, sabah isə heç bir əsas olmadan onu pisləyirsə, vallah, bu fikir plüralizmi deyil. Bu, həvəskar jurnalistikanın tör-töküntüləri, kəmiyyətə hesablanan yazılardır. Bəlkə də Cem Fələk qolları, uğurlu oyunu sayəsində bir neçə ildən sonra Azərbaycana şanlı qələbələr bəxş edəcək, azarkeşlərə sevinc yaşadacaq. İndidən türk futbolçunu Vətən xaini çıxarmağa nə lüzum? Yoxsa, o, milli komandamızın şərəfini qorumuş serbdən, gürcüdən, rusdan, ukraynalıdan əskikdir? Görəsən, nəyə görə bizlər həmişə işıq gələn yeri barmağımızla tutmağa çalışırıq?

Bəli, Cem Fələyin ailəsi Türkiyə və ya Almaniyanı deyil, məhz Azərbaycan yığmasını nəyinsə xətrinə seçib. Çox güman ki, seçim zamanı “Palmali” Şirkətlər Qrupunun rəhbəri, “Xəzər-Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov amili böyük rol oynayıb. Ancaq bu ehtimal bizə 13 yaşlı futbolçunun qarasınca deyinməyə, onun ailəsini pisikdirməyə, futbol ictimaiyyətində yanlış rəy formalaşdırmağa haqq vermir.

Axı, Vaqif Paşayev, Nadir Qasımov və digər “məşqçi”lərin Cem Fələklə bağlı fikirləri kimə lazımdır? Qardaşım, biz jurnalistlər də məşqçilər kimi nifaqa girsək, bir-birimizin üzünə gülüb, arxada quyu qazsaq, daha onlardan nə fərqimiz olar? Buna görə də cılız nəsnələrdən uzaq durmaq, vahid ideya ətrafında birləşməyin zamanıdır!





0