Baş tutmayan planlar
06.11.2008 - 11:23
Baş tutmayan planlar
Bakı - APA-Sport. “Futbol sürprizlərlə doludur. Bunlardan yararlanmaq niyyətindəyik. Futbolda heç vaxt “hər şey bitdi” deməyin”. “APA-Sport”un məlumatına görə, bunu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində səfərdə “Arsenal”la qolsuz bərabərliyə nail olan “Fənərbaxça”nın baş məşqçisi Luis Araqones oyundan sonra keçirilən mətbuat konfransında bildirib.

İspaniyalı çalışdırıcı iki həftə öncə İstanbulda baş tutan matçı xatırladıb. O, ilk görüşdə “Arsenal”a 2:5 hesabı ilə uduzmaqlarına baxmayaraq, rəqiblə müqayisədə daha çox fərqlənmək şanslarının olduğunu vurğulayıb: “Həmin qarşılaşmada xeyli real qol epizodu yaratdıq. Ancaq istədiyimiz qolu vura bilmədik. Bu dəfə isə müdafiəyə üstünlük verdik, eyni zamanda hücuma tez keçməyi bacarmadıq”.

Araqones planlarının həyata keçmədiyini də gizlətməyib: “Qol vurmaq üçün plan qurmuşduq. Amma önümüzdə sürətli, güclü və yaxşı müdafiə olunan komanda var idi. Əks-hücumları dəyərləndirəcəyimiz təqdirdə, nəticə tam fərqli olacaqdı. Çempionlar Liqasında irəliləmək istəyiriksə, bizə qələbə kömək edə bilər”.

Qeyd edək ki, qrup mərhələsinin sonuna iki tur qalmış “Fənərbaxça” 2 xalla axırıncı, 4-cü pillədə qərarlaşıb.


0