“Beşiktaş” Rusiya çempionatına göz dikib
06.11.2008 - 11:52
“Beşiktaş” Rusiya çempionatına göz dikib
Bakı - APA-Sport. “Beşiktaş” rəhbərliyi dövrələrarası fasilədə heyəti Rusiyada çıxış edən türk futbolçuların sayəsində gücləndirmək fikrindədir. “APA-Sport”un Türkiyə mətbuatına istinadən məlumatına görə, “qara qartallar” üç həftə sonra başa çatacaq Rusiya çempionatında forma geyinən Fatih Təkkə (“Zenit”), Caner Erkin (MOİK), Gökdəniz Qaradəniz və Hasan Kabzenin (hər ikisi “Rubin”) transferi üçün yaxın günlərdə danışıqlara başlayacaqlar.

“Beşiktaş” rəsmilərinin məhz Rusiya çempionatında oynayan türklərlə maraqlanmalarında xüsusi məqsədləri var. Onlar bu ayın sonlarında istirahətə yollanacaq futbolçuları heyətə cəlb etməklə maddi baxımdan qazanmaq istəyirlər. Hazırda Avropanın əksər ölkələrində, o cümlədən Türkiyədə “transfer pəncərəsi” bağlı olduğundan yaz-payız sistemi ilə keçirilən çempionatlarda oynayan futbolçularla anlaşmaq daha sərfəli və asandır.

İstanbul klubunun rəsmiləri bu məsələdə Devid Bekhemin “Milan”a keçidindən örnək götürüblər. İngiltərəli futbolçunun şərəfini qoruduğu ABŞ-ın “Los Anceles Qalaksi” klubu çempionatda çıxışını dayandırdığından, o, nisbətən ucuz qiymətə “Milan”la icarə müqaviləsi bağlayacaq.
0