Anatoli Demyanenko: “Azərbaycanda heç vaxt çalışmaram”
06.11.2008 - 12:36
Anatoli Demyanenko: “Azərbaycanda heç vaxt çalışmaram”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Azərbaycan futbolu haqda hərdən eşidirəm, amma “Neftçi” klubunda baş verənlərdən xəbərim yoxdur. Mən yalnız Rəşad Sadiqovla Elnur Allahverdiyevin komandadan çıxarılmasını eşitmişdim”. Bunu “APA-Sport”a açıqlamasında “Neftçi” klubunun sabiq baş məşqçisi Anatoli Demyanenko deyib.

Səkkiz ay çalışdırdığı komandanın hazırkı baş məşqçisi Hans-Yurgen Gedenin Rəşad Sadıqov, Aleksandr Çertoqanov, Georgi Adamiya, Ruslan Abbasov və türkiyəli Levent Kartopun əsas heyətdən uzaqlaşdırılmasından bixəbər olan 49 yaşlı ukraynalı mütəxəssis bunu təəccüblə qarşılayıb: “Həmin futbolçuların komandadan çıxarılması mənim üçün gözlənilməz oldu. Yəqin ki, bu, ölkə kənarında səfərdə olduğum zaman baş verib və ona görə də xəbərim olmayıb. Komandaya görə baş məşqçi cavabdehdir və o, futbolçularla bağlı qərar verir. Alman həmkarımın islahatlarının oyun, yaxud insani keyfiyyətləri ilə bağlı olduğunu deyə bilmərəm. Şəxsən mənim bu planda problemim olmayıb. Onların səviyyəsi elə də aşağı deyil ki, əvəzedici komandaya göndərilsinlər”.

“Neftçi” klubunun zəif çıxış etməsini futbolçularla əlaqələndirməyən Demyanenko sabiq komandasının hazırda turnir cədvəlində 10-cu yerdə qərarlaşmasına təəssüflənir: “Zəif komanda olsaydı, yayda qitə miqyaslı turnirdə Slovakiyanın “Nitra”, Belçikanın “Jerminal”, Rumıniyanın “Vaslui” klublarını məğlub etməzdi. UEFA kubokuna çıxmaq şansımız olsa da, bunu son anda qaçırdıq. Düzdür, mənim vaxtımda “Neftçi”ni gücləndirmək lazım idi. Amma əsas oyunçuları komandadan çıxarmaq, heyəti gəncləşdirmək vəziyyətdən çıxış yolu deyil. Gənc oyunçu təcrübəlinin yanında olub, öyrənməlidir. Komandada təcrübəli futbolçu qalmayıbsa, gənc kimdən öyrənsin?”

“Neftçi” rəhbərliyi ilə münasibətlərinin qaydasında olduğunu söyləyən Demyanenkonun sözlərinə görə, klub prezidenti Əkbər Hacıyevlə tez-tez əlaqə saxlayır. Vətənində “İliçevets” klubunun onunla maraqlandığını təsdiqləyən ukraynalı mütəxəssisin fikrincə, gələcək karyerası ilə bağlı tələsik qərar vermək istəmir: “Yeni variantlar çoxdur və bunun üzərində iş gedir. Həm vətənimdə, həm də kənarda çalışmaq perspektivi var. Ola bilsin ki, Kipr, yaxud Birləşmiş Ərəb Əmirliyində çalışdım. Ölkə kənarında olan variantlar arasında Azərbaycan yoxdur. Yenidən ölkənizdə işləmək istəmirəm”.

Qeyd edək ki, bu ilin yanvarında “Neftçi”nin baş məşqçisi təyin olunan Demyanenko Premyer Liqanın III turunda “Qəbələ”ni səfərdə 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra istefaya göndərilib.
0