İlqar Qurbanov milli komandadan imtina etdi
06.11.2008 - 14:13
İlqar Qurbanov milli komandadan imtina etdi
Bakı. Mehman Süleymanov - APA-Sport. “Albaniya yığması ilə yoldaşlıq görüşünə
çağırılmamışam. Əslində, milli komandamızdan dəvət gözləmirəm”. Bunu “APA-Sport”a açıqlamasında Türkiyənin “Boluspor” klubunda çıxış edən azərbaycanlı futbolçu İlqar Qurbanov deyib.

Milli komandanın baş məşqçisi Berti Foqtsdan yalnız bir dəfə dəvət alan 22 yaşlı yarımmüdafiəçi Andorra yığması ilə yoldaşlıq görüşündə ikinci hissədə meydana çıxıb. O, bildirib ki, ölkədən kənarda çıxış edən azsaylı futbolçulardan olsa da, kənarda qalmasından narazıdır: “Heç “Xəzər-Lənkəran”da çıxış etdiyim vaxtda da klubumda daim oynamırdım. Ancaq həmin vaxt yığmamızı çalışdıran Şahin Diniyev mənə güvənib, milli komandaya çağırırdı. Artıq xeyli vaxtdır Türkiyədə çıxış etsəm də, yığmaya az hallarda çağırılıram”.

Qurbanov cari mövsümdən şərəfini qoruduğu “Boluspor” klubunun heyətində yalnız son oyunlarda meydana çıxmasını zədə ilə əlaqələndirib. Türkiyə çempionatının birinci liqasının axırıncı turunda vurduğu yeganə qolla komandasına qələbə qazandıran futbolçu inamsızlıqdan gileylənir: “Foqtsun dövründə bir dəfə yığmaya çağırıldım. Amma sonra dəvət gəlmədi. Bunun səbəbini deyə bilmərəm. Məni klubumda az oynadığıma görə çağırılmadıqları halda, yığmaya oynamayan futbolçuları dəvət edirlər”.

22 yaşlı futbolçunun sözlərinə görə, noyabrın 19-da Albaniya yığması ilə Bakıda keçiriləcək yoldaşlıq görüşünə çağırılsa belə, milli komandaya qoşulmaq fikrində deyil. Bunu klubunun oyunları ilə əlaqələndirən həmyerlimizin fikrincə, aşağı liqada yığmanın görüşləri ilə əlaqədar fasilə yaranmır: “Bu, ortaya problem yaradır. Albaniya ilə oyuna çağırsalar belə, gəlməyəcəyəm. Qarşıda vacib oyunları olan “Boluspor”a kömək etməliyəm. Hazırda bütün diqqətimi klub karyerama yönəltmişəm. İndi məni klubumun uğurlu çıxışı maraqlandırır. “Boluspor”da mənə bəslənilən ümidləri doğrultmağa çalışıram. Türkiyənin aşağı liqasında çempionatın səviyyəsi Azərbaycan Premyer Liqasından yüksəkdir. Rəşad Sadıqov “Neftçi”dən tam ayrılandan sonra “Boluspor”a keçəcək. Klub rəhbərliyi yığmamızın kapitanı ilə ciddi maraqlanır”.

Qeyd edək ki, İlqar bir il çıxış etdiyi “Sivasspor”dan yayda “Boluspor”a keçib.
0