Rəşad Sadıqovdan şok iddia!
06.11.2008 - 17:09
Rəşad Sadıqovdan şok iddia!
Bakı. Mehman Süleymanov - APA-Sport. “Qarabağ”a qarşı oynamaq istəyim böyük idi. Çünki gəzən xoşagəlməz söz-söhbətlərə son qoymaq istəyirdim”. Bunu “APA-Sport”a açıqlamasında “Neftçi” klubunun sabiq kapitanı Rəşad Sadıqov deyib.

Almaniyalı baş məşqçi Hans-Yurgen Gedenin əsas heyətdən kənarlaşdırdığı Sadıqov qarşıdakı turda “Qarabağ”a qarşı əvəzedici komandada meydana çıxacaq. Onun sözlərinə görə, Qurban Qurbanovun çalışdırdığı “Qarabağ”ın əsas komandası ilə görüş onun üçün prinsipial əhəmiyyət kəsb edirmiş: “Qurbanla dost olmağım haqda çox danışırlar. Mən də buna görə “Qarabağ”la oyunu səbirsizlə gözləyirdim. Bu komandaya qarşı yaxşı oynayıb, qol vurmaq, peşəkarlığımı göstərmək istəyirdim. Dostluğun futbola dəxli yoxdur”.

Sabah “Neftçi-2”nin heyətində ilk rəsmi oyuna çıxacaq yığmamızın 26 yaşlı kapitanı növbəti gün artıq azarkeş kimi əsas komandaların görüşünü izləyəcək. Şansları bərabər hesab edən Sadıqov hazırda çətin günlərini yaşayan “Neftçi”nin qarşıdakı turda nəticə qazanacağına inanır: “Qələbə “Qarabağ”a iddiasını göstərmək baxımdan, “Neftçi”yə isə hazırkı çətin vəziyyətində lazımdır. Böyük dəyişikliyin olduğu deyilsə də, belə götürəndə, “Neftçi”nin yeganə itkisi mənəm. Adamiya ilə Çertoqanov onsuz da “İnter”ə 1:3 hesabı ilə uduzduğumuz görüşdə, qalan 4 futbolçu isə əvvəldən çıxış etmirdi. Yəni, “Neftçi” “Qarabağ”la görüşə heyətdə böyük dəyişiklik olmadan çıxacaq. Mən getsəm də, komandada liderlər var. Son oyunda kapitan sarğısını Rail Məlikov daşıdı. Kapitanlığa ən layiqli bu futbolçunu sayıram”.

Qeyd edək ki, MOİK-lə ilk kubok oyununda “Neftçi”nin kapitanı Samir Əliyev, cavab görüşündə Rail Məlikov olub.
0