“Neftçi” üçün yeni çalışdırıcı
06.11.2008 - 17:54
“Neftçi” üçün yeni çalışdırıcı
Bakı. Mehman Süleymanov - APA-Sport. “Bolqarıstanın “Belasista” klubundan ayrıldıqdan sonra işsizəm. Yenidən Bolqarıstan, Türkiyə, eləcə də Azərbaycanda işləmək variantına razı olaram”. Bunu “APA-Sport”a açıqlamasında Tovuzun “Turan” klubunun sabiq baş məşqçisi Naci Şensoy deyib.

“Neftçi”də baş verən son hadisələri izlədiyini bildirən Şensoyun fikrincə, böyük tarixi olan komandanın belə hala düşməsi arzuolunmaz haldır: “Bu klubun vəziyyətini üzüntü ilə qarşılayıram. Hazırda böhran içərisindədir və bunun da nəticəsi turnir cədvəlində özünü göstərir. “Neftçi”nin 10-cu yerdə getməsi adına yaraşmır. Klubun daxilində olmadığım üçün baş verənləri dəqiq deyə bilmərəm. Ancaq kənardan mənə elə gəlir ki, klubda üç təbəqə - rəhbərlik, baş məşqçi və futbolçular arasında problem mövcuddur. Onlar arasında münasibətləri qaydasına salmaq lazımdır”.

Maraqlıdır ki, türkiyəli mütəxəssis adının “Neftçi” ətrafında hallandığını iddia edir: “Bu komandanın baş məşqçisi olacağım haqda söz-söhbət gəzsə də, əslində, belə bir şey yoxdur. Adımın gündəmə gətirilməsinin səbəbini deyə bilmərəm. “Neftçi”ni çalışdırmaq təklifi gələrsə, bunu qəbul etməyə hazıram. Kim belə bir klubu çalışdırmaq istəməz ki?”

Hans-Yurgen Gedenin islahatlarına toxunan Şensoyun sözlərinə görə, aparıcı futbolçulardan imtina fayda verməyəcək. O, bunu ölkəmizdə yüksək səviyyəli futbolçuların azlığı ilə əlaqələndirir: “Rəşad Sadıqov kimi müdafiəçi niyə əvəzedici komandaya göndərilməlidir? Elnur Allahverdiyevdən niyə üz çevirirlər? Vaxtilə Rəşadın “Kayserispor” klubuna keçidində mən vasitəçi olmuşam. Onu baş məşqçi Ərtoğrul Sağlama məsləhət bildim. Sadıqovun yenidən Türkiyədə oynamasına öz köməyimi göstərməyə, məsləhətlərimi verməyə hazıram. Hesab edirəm ki, Rəşadın “Boluspor” klubuna keçidi indiki şəraitdə ən ideal variantdır. “Neftçi”nin imtina etdiyi futbolçu özünü sübut edib, qabağa gedə bilər”.

Qeyd edək ki, İlqar Qurbanovun şərəfini qoruduğu “Boluspor” Türkiyə çempionatının birinci liqasında çıxış edir.


0