Daha iki futbolçu əvəzedici komandaya göndərildi
06.11.2008 - 18:21
Daha iki futbolçu əvəzedici komandaya göndərildi
Bakı. Aqşin Əliyev - APA-Sport. Futbol üzrə Azərbaycan kuboku uğrunda yarışda mübarizəni 1/8 finalda dayandıran Mərkəzi Ordu İdman Klubunun (MOİK) rəhbərliyi ciddi tədbirlərə əl atıb. “APA-Sport”un məlumatına görə, iki futbolçu - kapitan Eldəniz Məmmədov və hücumçu Sənan Qurbanov əvəzedici komandaya göndəriliblər. Buna adıçəkilən oyunçuların axır zamanlar zəif çıxış etmələri səbəb olub.

Belə ki, MOİK kubok yarışı da daxil olmaqla, son 6 matçda məğlubiyyətlə üzləşib. Premyer Liqanın debütantı avqustun 31-dən bəri xal üzünə həsrətdir. Noyabrın 8-də çempionatın növbəti turunda səfərdə “Karvan”la qüvvəsini sınayacaq “hərbçilər”in heyətində bir neçə zədəli futbolçu da var. Sağlamlığında problem olan Nodar Məmmədov, Amil Ağacanov, Anar Vəliyev və İsmayıl Məmmədov qarşıdakı görüşdə forma geyinməyəcəklər.

Sənan Qurbanovun sabah əvəzedicilərin çempionatında debüt edəcəyi gözlənilir. Baş məşqçi Ramil Əliyev “Karvan”la qarşılaşmada 28 yaşlı futbolçunun xidmətindən yararlanmağı nəzərdə tutub. O ki qaldı Eldəniz Məmmədova, hücumçu zədəli olduğundan Yevlaxa aparılmayacaq.


0