Foqts Rahid Əmirquliyevi milli komandaya çağırdı
06.11.2008 - 18:30
Foqts Rahid Əmirquliyevi milli komandaya çağırdı
Bakı. Mehman Süleymanov - APA-Sport. “Xəzər-Lənkəran” klubunun yarımmüdafiəçisi Rahid Əmirquliyev Azərbaycan yığmasına çağırılıb. O, noyabrın 19-da Bakıda Albaniya ilə keçiriləcək yoldaşlıq görüşündə forma geyinmək şansı qazanıb.

Bu haqda “APA-Sport”a milli komandamızın məşqçisi Elxan Abdullayev məlumat verib: “Onu milli komandaya çağırmağı mən təklif etmişəm. Şəxsən mənim yığmaya yeni namizədim yoxdur. Albaniya ilə oyuna heyətin açıqlanması üçün baş məşqçi Berti Foqtsu gözləmək lazımdır. O, bu gecə Bakıya gələcək. Hələlik heç bir kluba futbolçularının yığmaya çağırılması barədə rəsmi məktub göndərilməyib. “İnter”dən Samir Abbasov, Mahmud Qurbanov, Elvin Məmmədov və Cavid Hüseynovun yenə yığmaya çağırılacağı gözlənilir”.

Abdullayev deyib ki, “Neftçi”nin əvəzedici komandaya göndərdiyi Rəşad Sadıqovla Aleksandr Çertoqanovun yığmaya çağırılıb-çağırılmamağına da Foqts qərar verəcək: “Albanlarla görüşə çağırılacaq futbolçuların sayı hələ dəqiqləşməyib. Məsələ ondadır ki, bu matça hazırlıq prosesinin iki mərhələdən olması nəzərdə tutulub. İlk mərhələ qarşıdakı turun oyunlarından sonra noyabrın 10-13-ü, ikinci mərhələ isə 17-19-u aralığında olacaq. Ola bilsin ki, Foqts ilk mərhələyə 30, sonrakına isə 20 futbolçu çağırsın”.

Qeyd edək ki, Rahid ilk dəfə milliyə Şahin Diniyevin dövründə çağırılıb. Ötən ilin martında Qazaxıstanın Çimkənd şəhərində keçirilən “Alma TV kuboku” turnirinə aparılan 19 yaşlı futbolçu hər üç oyunda meydana çıxıb. Olimpiya yığmamızın üzvü olan Rahid cari mövsümdə imanlı oyunu yığmanın məşqçilərinin diqqətini cəlb edib. “Xəzər-Lənkəran”dakı komanda yoldaşı, qapıçı Kamran Ağayevlə birgə əsas yığmaya çağırılan Əmirquliyev ona göstərilən etimada görə minnətdarlığını bildirib: “Milli komandaya dəvət olunacağımı heç gözləmirdim. Bu, “İnter”lə görüş öncəsi əla stimul oldu. Çox sevincli və qürurluyam. Etimadı doğrultmağa, milliyə xeyir verməyə çalışacağam”.





0