Skibbe: “Qalatasaray”ın ürkək görünməsini istəmirəm”
07.11.2008 - 11:49
Skibbe: “Qalatasaray”ın ürkək görünməsini istəmirəm”
Bakı - APA-Sport. “Komandamın ürkək görünməsini istəmirəm. Bunu nəzərə alıb, bu gün hücuma meylli futbola üstünlük verdik. Heyətdə taktikaya uyğun futbolçuların varlığı və təkbətək mübarizələrdə qalib gəldiyimiz üçün “Benfika”nı məğlub etdik”. “APA-Sport”un məlumatına görə, bu sözləri UEFA kubokunun qrup mərhələsi çərçivəsində Lissabonda “Benfika” klubu ilə qarşılaşmadan sonra “Qalatasaray“ın baş məşqçisi Mixael Skibbe deyib.

1/8 finala yüksəlmək şanslarının xeyli yüksəldiyini bildirən almaniyalı çalışdırıcı birinci hissənin çətin alındığını gizlətməyib: “İlk 10 dəqiqədə 2-3 real qol epizodu yaratdıq. Daha sonra 15 dəqiqə ərzində rəqib kəsərli həmlələr qurdu. Qapıçımız De Sanktisin uğurlu oyunu sayəsində qapımız toxunulmaz qaldı. Fasilədən sonra yenidən təşəbbüsə yiyələnib, sonadək diktə edən tərəf olduq”.

Skibbe noyabrın 9-da “Şükrü Saracoğlu” stadionunda “Fənərbaxça”ya qarşı keçiriləcək oyuna da toxunub. Baş məşqçi vurğulayıb ki, derbi istənilən hesabla nəticələnə bilər: “Axır zamanlar yaxşı futbol nümayiş etdirməyimiz heç nəyi həll etmir. Çünki derbilərdə hər şeyin olması mümkündür. Amma biz rəqibdən çəkinmirik”.
0