Vüqar Nadirov milli komandaya iddialı gəlir
07.11.2008 - 12:59
Vüqar Nadirov milli komandaya iddialı gəlir
Bakı. Mehman Süleymanov - APA-Sport. “Albaniya yığması ilə yoldaşlıq görüşünə çağırılmağım mənim üçün gözlənilməz oldu. Yenidən əsas komandada çıxış etmək mənim üçün şərəfdir”. Bunu “APA-Sport”a açıqlamasında il yarımlıq fasilədən sonra Azərbaycan milli komandasına çağırılan Vüqar Nadirov deyib.

Hazırda Yevlaxın “Karvan” klubunda çıxış edən 21 yaşlı hücumçu olimpiya yığmamızda çıxışını başa vursa da, milli komandaya qayıdacağına ümidini itirmirmiş: “Sonuncu dəfə millidə Şahin Diniyevin dövründə çıxış etmişəm. Həmin vaxt olimpiya yığmasına kömək etmək üçün orada oynamağım məsləhət gördülər. Bundan sonra milli komandaya çağırılmasam da, yenidən onun şərəfini qoruyacağıma inamım qalırdı. Həmişə yığmamıza kömək etməyə hazır olmuşam”.

Nadirovun fikrincə, əsas yığmaya dönüşündə çıxış etdiyi klubun da rolu olub: “Cari mövsümdən şərəfini qoruduğum “Karvan” yaxşı çıxış edir. Belə olan halda, futbolçunun yığmaya düşmək şansı artır. Fikrimcə, komandamızda məndən başqa da yığmada oynamağa layiqli futbolçular var. Ola bilsin ki, milli komandamızın baş məşqçisi Berti Foqts, yaxud köməkçilərindən kimsə oyunumu izləyib və məni məsləhət bilib. İnşallah, mən də bu etimadı doğrultmağa çalışacağam”.

Foqtsun rəhbərliyi altında yığmanın pis çıxış etmədiyini deyən Nadirov əsas problem kimi qol vura bilməməyi irad tutub. “Karvan”ın hücumçusu bunu aradan qaldırmaq fikrindədir: “Sadəcə, əsas problem hücum xətti, rəqib qapısına yol tapmaqda çətinlik çəkməyimizlə bağlıdır. Mən də bir hücumçu kimi üzərimə düşən qol vurmaq vəzifəsini yerinə yetirməyə çalışacağam. Əsas məqsədim milli komandada möhkəmlənməkdir. Ora qısa müddətlik gəlib, daha sonra kənarda qalmaq istəmirəm. Bu mənada Albaniya yığması ilə noyabrın 19-da Bakıda keçirəcəyimiz yoldaşlıq görüşü mənim üçün yaxşı fürsətdir. Foqts mənə şans verərsə, bundan maksimum yararlanacağam”.

Qeyd edək ki, Vüqar milli komandamızda yeganə qolunu ötən seçmə mərhələdə Qazaxıstan yığması ilə səfərdə keçirdiyimiz rəsmi oyunda (1:1) vurub. Nadirov əsas yığmamızda qol vuran ən gənc futbolçulardan biridir.





0