Rasim Kara: “Yaxşı ki, “İnter” hələ uduzmayıb”
07.11.2008 - 14:47
Rasim Kara: “Yaxşı ki, “İnter” hələ uduzmayıb”
Bakı. Mehman Süleymanov - APA-Sport. “İnter” geniş heyətə malik güclü komandadır. Son Azərbaycan çempionudur və çempiona qarşı oynamaq həmişə böyük motivasiya kəsb edir”. Bunu “APA-Sport”a açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Rasim Kara deyib.

Ardıcıl ikinci tur ən yaxın izləyicisi ilə görüşəcək Cənub təmsilçisi “Bakı”dan sonra “İnter”i sınağa çəkəcək. Karanın sözlərinə görə, Lənkəranda keçiriləcək bu oyunda xal itkisinə yol verməyəcəklərinə inanır: “Bakı”dan fərqli, “İnter”lə öz meydanımızda görüşəcəyik. Bu, bizim üçün üstünlükdür. Son ölkə çempionunu doğma azarkeşlərimiz qarşısında yenmək istəyirik. Belə derbi matçlar həmişə böyük maraq kəsb edir. Lider üçün hər bir oyun çətindir. Biz növbəti sınaqdan üzüağ çıxmaq fikrindəyik”.

“Qarabağ”la yanaşı, “Xəzər-Lənkəran”ı çalışdırdığı ilk dönəmdə də “İnter”i məğlub edə bilməyən Kara növbəti sindromu aradan qaldırmaq iddiasındadır: “Əslində, tarixlə bağlı belə statistik göstəricilər, sindromlar məni maraqlandırmır. Mən gələcəyə baxıram. Biz hər oyunda qələbə qazanıb, liderliyimizi qorumaq istəyirik. Rəqibimiz cari mövsümdə uduzmayıb. Yaxşı ki, bu, belədir. Biz son ölkə çempionunu məğlub edən ilk komanda olmaq istəyirik. Bu mənada təkcə bombardirimiz İvan Svetkova yox, bütün futbolçularıma güvənirəm”.

Qeyd edək ki, “Xəzər-Lənkəran” 2-ci pillədə gedən “İnter”i 1 xal qabaqlayır.
0