Çempion yubileyin astanasında
07.11.2008 - 15:18
Çempion yubileyin astanasında
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “İnter” klubu Azərbaycan Premyer Liqası tarixində 100-cü qələbəsini qazana bilər. “APA-Sport”un məlumatına görə, X turda “Xəzər-Lənkəran”ın qonağı olacaq paytaxt təmsilçisi indiyədək ölkə çempionatlarında 99 dəfə meydanı 3 xalla tərk edib. Yubileyin astanasında olan “İnter” qələbələrinin 29-nu “Xəzər Universiteti”, 70-ni indiki adı altında qazanıb.

Premyer Liqadakı debüt mövsümündə (1999/2000) cəmi 5 dəfə 3 xala sevinən bakılılar növbəti il 9 görüşdən qalib qismində ayrılıb. “Xəzər Universiteti” kimi çıxış etdiyi son birincilikdə (2003/04) isə paytaxt təmsilçisi 15 qarşılaşmada qələbəni bayram etmişdi.

2004/05 mövsümündə yeni adla “səhnə”yə çıxan komanda 19, növbəti çempionatda 14 oyunu maksimum nəticə ilə başa vurur. 2006/07 mövsümündə isə nisbətən az – cəmi 13 görüşdə sevinən “İnter” azarkeşləri son çempionluğu 18 zəfərlə qeyd etmişdi. Üç ay əvvəl start götürən Premyer Liqada isə “İnter” 6 dəfə 3 xalın sahibi olub.

Ümumilikdə 99 qələbəsi olan bakılılar bu göstəricidə 100-ə çatan 8-ci komanda olacaq. Belə ki, indiyədək “Neftçi”, “Kəpəz”, “Turan”, “Qarabağ”, “Şəmkir”, “Viləş” və “Bakı” Premyer Liqa tarixində 100-cü qələbəsini qeyd edib.


0