Qurbanov “Neftçi” ilə oyunu prinsipial saymır
07.11.2008 - 16:10
Qurbanov “Neftçi” ilə oyunu prinsipial saymır
Bakı. Mehman Süleymanov - APA-Sport. “Təbii ki, “Neftçi” ilə görüş böyük maraq kəsb edir. Rəqibin turnir cədvəlinin aşağı pilləsində qərarlaşmasına baxmayaraq, bizi çətin sınaq gözləyir”. Bunu “APA-Sport”a açıqlamasında Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Vaxtilə “Neftçi”nin həm futbolçusu, həm də çalışdırıcısı olan Qurbanov bildirib ki, keçmiş komandası ilə oyuna prinsipial yanaşmır. Onun sözlərinə görə, yalnız “Neftçi”ni yox, hər bir rəqibi yenmək vacibdir: “Keçmiş komandamla görüşə ciddi hazırlaşırıq. İstədiyimiz nəticəni əldə etməyə çalışacağıq. Ümumiyyətlə, çempionatda hər bir komanda ilə görüşə ciddi yanaşmaq, hamıya eyni gözlə baxmaq lazımdır. Rəqibin problemləri bizi arxayınlaşdıra bilməz. “Neftçi”nin adı da üstünlükdür. Bu komandanın futbolçuları bizə qarşı böyük motivasiya ilə çıxacaqlar. Bu mənada sabah ağır oyun olacaq”.

Üç il yarımdır “Neftçi”ni məğlub edə bilməyən “Qarabağ” sonuncu dəfə Qurban Qurbanov əks düşərgədə olarkən qələbə qazanıb (2:1). Yenə Suraxanıda buna nail olmağa çalışacaq ağdamlılar üçün rəqibin zəifləməsi üstünlük sayıla bilər. Ancaq bununla razılaşmayan Qurbanov “Neftçi”ni əvvəlki tək güclü komanda hesab edir: “Fikrimcə, rəqibin heyətində böyük dəyişiklik edilməyib. Heyətindən kənarlaşdırılan futbolçulara hər bir komandanın ehtiyacı var. Mən də onları böyük məmnuniyyətlə sərəncamımda görmək istərdim. Ancaq hazırda bu məsələ gündəmdə deyil. Biz rəhbərliklə birgə qış fasiləsində heyətimizdə hansı dəyişikliklərin olacağı ilə hələ qərar qəbul etməmişik”.
0