Xodukin “Xəzər-Lənkəran”ı dünya gözəlinə bənzətdi
07.11.2008 - 17:25
Xodukin “Xəzər-Lənkəran”ı dünya gözəlinə bənzətdi
Bakı. Mehman Süleymanov - APA-Sport. “Səfərdə “Xəzər-Lənkəran”ı üstələməyin çətin olması komandanın gücü ilə bağlıdır. Komandam indiyədək Lənkəranda qalib gələ bilməyibsə, deməli, zəif olub”. Bunu “APA-Sport”a açıqlamasında Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib.

Lənkərana bu dəfəki səfərində qələbəsizlik sindromuna son qoymaq fikrində olan ukraynalı məşqçinin sözlərinə görə, uğur qazanmaq üçün meydanda sonadək mübarizə aparmaq, əzmkar oynamaq, diqqətli olmaq lazımdır: “Ustalıq səviyyəsində çatışmazlıq, meydanın hansısa hissəsində zəif oyun məğlubiyyətə səbəb ola bilər. Ancaq futbolda gözlənilməz nəticələr də az deyil. Çempionlar Liqasında son turun nəticələri buna bariz nümunədir”.

Xodukin “Xəzər-Lənkəran”ın liderliyinə şübhə ilə yanaşmır. Cari mövsümdə uduzmayan yeganə komandanın çalışdırıcısı zirvəyə göz dikib: “Komanda liderdirsə, deməli, güclüdür. Rəqibin liderliyini layiqli hesab edirəm. Ancaq təbii ki, hər bir komandanın zəif cəhətləri var. Dünya gözəlinin də eybi olur. Gözəl nə qədər gözəl olsa da, hamının xoşuna gəlmir. Təbii ki, “Xəzər-Lənkəran”ın oyununu təhlil edib, zəif cəhətləri özümüz üçün müəyyənləşdiririk. Ancaq bunu açıqlamaq yox, oyunda istifadə etmək fikrindəyik. Əgər rəqibi yalnız uduzmamağımız narahat edirsə, mən buna şadam”.
0