Saşa Yunisoğlunu Azərbaycan yığmasına “Poloniya” buraxmayıb
07.11.2008 - 18:04
Saşa Yunisoğlunu Azərbaycan yığmasına “Poloniya” buraxmayıb
Bakı. Mehman Süleymanov - APA-Sport. “Milli komandanın heyətindən kənarda qaldığımdan xəbərim var. Qarşıdakı təlim-məşq toplanışı FİFA-nın “pəncərəsi”nə düşmədiyi üçün gələ bilmirəm. Çıxış etdiyim “Poloniya” klubu məni təqvimdə nəzərdə tutulmayan vaxtda yığmaya buraxmır”. Bunu “APA-Sport”a açıqlamasında Azərbaycan milli komandasının müdafiəçisi Saşa Yunisoğlu deyib.

Albaniya ilə yoldaşlıq görüşü üçün Foqtsun açıqladığı 31 nəfərlik heyətə daxil olmayan Saşa sonradan millinin sıralarına qoşulmağa hazırdır: “Albaniya ilə görüşün hazırlığın son mərhələsində iştirakım mümkündür. Buna klubum da icazə verəcək. Ancaq təbii ki, bunun üçün baş məşqçi Berti Foqts məni dəvət etməlidir. Əgər sonradan da çağırılmasam, bunu normal qarşılayacağam. Fikrimcə, hər bir futbolçu belə edər”.

“Poloniya”nın heyətində cari mövsümdə meydana çıxmayan Saşa yalnız əvəzedicilərin heyətində oyun praktikası ilə kifayətlənməli olur. Ancaq 23 yaşlı müdafiəçi belə vəziyyətin davam etməsinə imkan verməyəcək: “Poloniya” ilə müqaviləm gələn yay başa çatacaq. Klub mənə iki illik müqavilə təklif etsə də, bunun qəbul etmək fikrində deyiləm. Çünki müqavilənin şərtləri məni qane etmir. Söhbət anlaşmada nəzərdə tutulan bir çox şeylərdən gedir. Polşada LKS və “Odra” variantları var. “Poloniya” məni ikinci dövrədə icarəyə verib, sonradan geri qayıtmağımı istəyir. İlk dövrə bitəndən sonra, qış fasiləsində gələcək karyerama aydınlıq gətirəcəyəm”.

Qeyd edək ki, Saşa ötən il İmişlinin “MKT-Araz” klubu dağıldıqdan sonra Polşanın “Qrostlin” klubuna keçərək, bürünc medal qazanıb. Yayda “Poloniya” ilə birləşən komanda indi Varşavanı təmsil edir və hazırda çempionatda vahid liderdir.
0