Berti Foqts: “Mən heç vaxt Almaniyaya qarşı oynamayacağam”
08.11.2008 - 11:47
Berti Foqts: “Mən heç vaxt Almaniyaya qarşı oynamayacağam”
Bakı. Mehman Süleymanov-APA-Sport. “Biz düzgün yoldayıq. Avropa futbolu ilə əsl mənada ayaqlaşmaq istəyiriksə, bizə hələ iki-üç il də lazımdır. Təəssüf ki, Azərbaycan klublarında legionerlərin çoxluğundan, gənc futbolçular əsas heyətdə oynamaq imkanı demək olar ki, qazanmırlar. Ümid edirəm ki, vəziyyət düzələcək və gələn mövsümdən komandalar əsas heyətdə ən azı beş azərbaycanlı futbolçu qoymağa məcbur olacaqlar”. “APA-Sport”un məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Rusiya mətbuatına geniş müsahibəsində deyib.

62 yaşlı alman mütəxəssis şimal qonşularımızla gələn ilin martın 28-də Moskvada keçirəcəyimiz oyunun hər iki yığma üçün xüsusi əhəmiyyət kəsb etməsindən xəbərdardır: “Sözsüz ki, bu oyunda aşkar favorit Rusiyadır, buna heç şübhə yoxdur. Ümid edirəm ki, Uels və Finlandiya ilə səfər oyunları ilə müqayisədə öz qiymətimizi daha da artıra bilərik. Stadiona ən azı 5-6 min azarkeşin gələcəyini gözləyirəm. Deyilənə görə, Moskvada bir milyona yaxın azərbaycanlı yaşayır. Dəstəyi meydandan kənarda alacağıq. Meydanda isə özümüz-özümüzə kömək etməliyik. Rusiya yığmasının oyununu Avropa çempionatında gördüyümdən, matça qədər Moskvaya getməyəcəyəm. Ancaq yəqin ki, köməkçilərimdən biri lazımı informasiya toplamaq üçün bunu edəcək”. Son turda qonağımız olacaq Rusiya yığması ilə oyunu istənilən halda vacib hesab edən Foqtsun sözlərinə görə, görüşün prinsipiallığı daha çox tarix, adət-ənənələrlə bağlıdır: “Rusiya və Azərbaycan yığmaları arasında oyun təqvimdən asılı olmayaraq, həmişə maraq kəsb edəcək. Bir alman kimi Rusiyanın qrupda həmyerlilərimi qabaqlayacağını təsəvvürümə belə gətirmirəm. Düzdür, Almaniya yığması 2002-ci ildə qrupda 2-ci yeri tutaraq, Ukrayna ilə pley-off oyunlarının iştirakçısı oldu. Ancaq həmin yığmanın baş məşqçisi Berti Foqts deyildi”.

Almanların Bakıda istidə oynamaqdan qorxmasını düşünməyən Foqts hava şəraitinin hər iki komanda üçün eyni olacağını söyləyib. Təcrübəli mütəxəssis havaya yox, öz komandasına güvənir: “Almaniya ilə oyunda yaxşı nəticə əldə etmək üçün imkanımız daxilində hər şey edəcəyimizə heç şübhəniz olmasın. Azərbaycan Almaniyanı məğlub edə bilərmi? Futbolda hər şey mümkündür. Əgər bizdə Rusiya yığmasının iki aparıcı hücumçusu - Andrey Arşavinlə Roman Pavlyuçenko çıxış etsəydi, Almaniya ilə görüş həm maraqlı olardı, həm də uğur qazanmaq şansımız artardı. Sözsüz ki, bu futbolçular mənə Rusiya ilə matçda da lazım olardı. Xüsusilə Roman öz oyun üslubuna görə bizim komandaya görə daha uyğun gələrdi. Arşavinlə Pavlyuçenko hansısa yola Azərbaycan pasportu ala bilsəydilər, bu, heç də pis olmazdı”.

Qrupumuzda hazırkı ardıcıllığı normal hesab edən Foqts həmyerlilərinin 1-ci yeri tutmaq şansını yüksək qiymətləndirib. Onun fikrincə, Rusiya qrupda 2-ci yeri tutsa belə, pley-offda uğurla çıxış edərək, dünya çempionatına vəsiqə qazanacaq. “Qızıl top”un ayrı-ayrı oyunçulara verilməsini təəssüflə qarşılayan yığmamızın çalışdırıcısı futbolun komanda idman növü olduğunu qeyd edib. Foqts Almaniyaya qarşı özünün yox, Azərbaycan yığmasının çıxış edəcəyini vurğulayıb: “Mən Almaniyaya qarşı heç vaxt oynamayacağam. Bunu Azərbaycan yığması edəcək. Mən almanam və özümü bu xalqın bir hissəsi sayıram. Böyük uğurlarımı da bu ölkədə qazanmışam. Həmyerlilərimlə görüşümdə xüsusi bir şey yoxdur. Hansı səviyyədə olduğumuzu başa düşürük. Almanların da ustalıq səviyyəsini bilirik. Hər halda, bu oyunda 90 dəqiqə mübarizə aparacağıq”.
Qeyd edək ki, Almaniya yığması gələn ilin avqustun 19-da milli komandamızın qonağı olacaq.
0