Hacievski “Qəbələ”ni təhlükəli rəqib sayır
08.11.2008 - 13:19
Hacievski “Qəbələ”ni təhlükəli rəqib sayır
Bakı. Mehman Süleymanov – APA-Sport. “Qəbələ” ilə sabah öz meydanımızdakı görüşün bizim üçün prinsipial əhəmiyyəti var. Axı bu komanda ötən mövsüm “Bakı”nı ölkə kubokunun finalında ¼ finalda mübarizədən kənarlaşdırıb”. Bu fikirləri “APA-Sport”a açıqlamasında “Bakı” klubunun baş məşqçisi Qyoko Hacievski deyib. 53 yaşlı makedoniyalı mütəxəssisin sözlərinə görə, “Qəbələ” öz oyun üslubuna görə Premyer Liqada seçilən komandalardandır: “Yaxşı heyətə malik rəqibimizdə səviyyəli futbolçular çoxdur. Əzmkar komanda olan “Qəbələ” səfərdə də inamlı çıxış edir. Onlar üçün meydan amili elə böyük əhəmiyyət kəsb etmir. Mövsümlərarası fasilədə güclənən “Qəbələ” ötən mövsüm yaxşı çıxış edirdi. Həmin vaxt komanda 4-6-cı yerlərdə qərarlaşmışdı. İstənilən halda, “Qəbələ”ni təhlükəli rəqib sayıram. Bu komandadan ehtiyatlanmaya dəyər. Rəqib bizə qarşı böyük motivasiya ilə oynayacaq. Əgər “Qəbələ” ilə oyuna ciddi yanaşmasaq, bunun acısını çəkə bilərik”. Turnir cədvəlində 3-cü yerdə gedən “Bakı” üçün sabah Lənkəranda keçiriləcək oyun da önəmlidir. ”Bakı” klubunu turnir cədvəlində qabaqlayan “İnter”lə “Xəzər-Lənkəran”ın cənub bölgəsindəki görüşündə heç-heçə liderliyi dəyişəcək. Təbii ki, bunun üçün Hacievskinin çalışdırdığı komandanın sabah 3 xal qazanması əsas şərtdir: “Səmimi deyirəm ki, “Xəzər-Lənkəran” – “İnter” oyununun nəticəsi haqda düşünmürəm. Məni ilk növbədə komandamın çıxışı maraqlandırır. Sabah bizə qələbə qazanmaq çox vacibdir və bunun üçün meydanda çox diqqətli olmalıyıq. Sözsüz ki, Lənkəranda heç-heçə bizə sərfəlidir. Belə olan halda, “Qəbələ”ni də məğlub etməklə, liderliyə yüksələcəyik. Ancaq bununla da iş bitmir. “Xəzər-Lənkəran”la “İnter” birinic yer uğrunda mübarizə aparmaq gücündə olan komandalardır. Liderliyi ələ keçirən komanda mövsümün sonuna qədər təqib olunacaq”.
0