Petar Zlatinov: “İnter” bu dəfə “Xəzər-Lənkəran”a qalib gələcək”
08.11.2008 - 13:36
Petar Zlatinov: “İnter” bu dəfə “Xəzər-Lənkəran”a qalib gələcək”
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. “Xəzər-Lənkəran”la oyunumuzun ağır keçəcəyini bilirəm. Son məğlubiyyətimizi də bu komandadan almışdıq. Lakin həmin qarşılaşma ötən mövsümdə qaldı. Bu dəfə isə biz qalib gələcəyik”. Bu sözləri “APA-Sport”a açıqlamasında Bakının “İnter” komandasının bolqarıstanlı futbolçusu Petar Zlatinov deyib. 27 yaşlı oyun qurucusu Azərbaycan Premyer Liqasının “Xəzər-Lənkəran”la sabahkı qarşılaşmasında hansı hesabla olur-olsun qələbə qazanacaqlarını hesab edir: “Ən əsası Xəzər-Lənkəran”dan çox qol vurmalıyıq. Son matçlarda onlara uduzmuşuq. Bu dəfə isə “İnter” qalib gələcək. İnanıram ki, artıq bu matçdan sonra ötən mövsümün sonunda olduğu kimi, yenə birinci pillədə olacağıq”.

Zlatinov rəqibin heyətində çıxış edən həmyerliləri ilə qarşılaşmağın əhəmiyyət daşımadığını düşünür. Bu görüşü digər matçlardan fərqləndirməyən bolqarıstanlı Premyer Liqanın ən yaxşı bombardiri olan İvan Svetkov haqda da danışıb: “Svetkov haqda hər hansı söz deməyi yersiz sayıram. Onun Premyer Liqada 9 qol vurmağının özü hər şeydən xəbər verir. Ümid edirəm ki, o sabah qollarının sayını artıra bilməyəcək. İvanı hələ çoxdan, özü də yaxşı tanıyaram. Svetkov Azərbaycana gələndən sonra dəfələrlə görüşüb söhbətləşmişik. Amma sabahkı qarşılaşma haqda danışmamışıq. Çünki, danışmağa mövzularımız çox olub. Həm də oyun haqda matç bitəndən sonra söhbət etməyimiz yaxşıdır. Axı, qarşılaşmadan sonra İvan məni qələbə münasibətilə təbrik edəcək”.

Qeyd edək ki, “Xəzər-Lənkəran”da Zlatinovun üç həmyerlisi – Kostadin Cambazov, Radomir Todorov və İvan Svetkov çıxış edir.
0