“Qalatasaray” 9 ildir “Fənərbaxça”nı səfərdə məğlub edə bilmir
08.11.2008 - 14:40
“Qalatasaray” 9 ildir “Fənərbaxça”nı səfərdə məğlub edə bilmir
Bakı. Mehman Süleymanov – APA-Sport. “Qalatasaray” klubu Türkiyə Superliqasında əzəli rəqiblərindən olan “Fənərbaxça” komandası ilə görüşdə arzuolunmaz seriya ilə üzləşib. “APA-Sport”un məlumatına görə, “Qalatasaray” sabah meydana çıxacağı “Şükrü Saracoğlu” stadionunda 9 ildir qələbə üzünə həsrət qalıb. Komanda bu arenada sonuncu dəfə “Fənərbaxça”nı 1999-cu ilin aprelin 22-də məğlub edib. Həmin matçda 2:1 hesabı ilə qələbə qazanan komanda bundan sonra “Şükrü Saracoğlu”da prinsipial rəqibi ilə Super liqada 8, kubokda 3 dəfə görüşüb. Bu oyunların 9-da qalib gələn “Fənərbaxça” 2 dəfə heç-heçə edib. Prinsipial rəqiblər indiyədək noyabrda 25 dəfə qarşılaşıb. Bu matçların 12-də “Fənərbaxça”, 5-də “Qalarasaray” qalib gəlib, 8 oyun isə heç-heçə nəticələnib. Topların fərqi 36-25 “Fənər”in xeyrinədir. Derbi iştirakçıları sonuncu dəfə noyabrda üç il öncə “Əli Sami Yen” stadionunda qarşılaşıb. “Fənərbaxça” 2005-ci ilin noyabrın 27-də keçirilən həmin səfər oyununu braziliyalı sabiq hücumçusu Nobrenin vurduğu yeganə qolla (1:0) qazanıb. “Fənərbaxça” ilə “Qalatasaray”ın 99 illik rəqabəti ümumilikdə 360 oyunla qeydə alınıb. Maraqlıdır ki, bu komandaların Super liqadakı görüşləri arasında ən fərqli hesab da məhz noyabra təsadüf edib. 2002-ci ilin noyabrın 6-da “Şükrü Saracoğlu” stadionunda keçirilən həmin matçda “Fənərbaxça” rəqibini darmadağın edib – 6:0.
Qeyd edək ki, “Fənərbaxça” “Qalatasaray” arasında oyun dünyanın 15-ci derbisi sayılır.
“Fənərbaxça”nın ispan legionerləri Daniel Quiza ilə Xosiko, “Qalatasaray”dan isə italyan qapıçı Morqan De Sanktis, portuqaliyalı müdafiəçi Fernando Meyra, avstraliyalı yarımmüdafiəçi Harri Kyuell və çex hücumçu Milan Baroş ilk dəfə bu derbinin həyəcanını yaşayacaq. Braziliyalı Linkolnla danimarkalı Tobias Linderot ikinci mövsümdür “Qalatasaray”da çıxış etmələrinə baxmayaraq, bu derbidə iştirak etməyiblər. Məsələ ondadır ki, hər ikinci əcnəbi yarımmüdafiəçi zədə, yaxud cəza səbəbindən meydana çıxa bilməyib. Zədəyə görə yenə kənarda qalan Linderotdan fərqli Linkoln “Fənərbaxça”ya qarşı oynayıb. Ötən mövsüm ölkə kubokunun ¼ finalında 2:1 hesabı qələbə qazandıqları həmin görüşdə çıxış edən braziliyalı oyun qurucusu son dəqiqələrdə rəqib qapıçı Volkan Dəmirəllə dalaşdığına görə qırmızı vərəqə alıb. Uzun illər “Qalatasaray”ın heyətində derbidə iştirak edən Əmrə Bələzoğlu ilk dəfə əks düşərgədə olacaq. Səkkiz illik legioner həyatından sonra bu yay vətənə dönən Əmrə UEFA kubokunu qazandığı komandaya rəqib olmağa qərar verib.
Qeyd edək ki, “Fənərbaxça” – “Qalatasaray” oyunu sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
0