Alicənab Xodukinin alicənab komandası
10.11.2008 - 13:14
Alicənab Xodukinin alicənab komandası
Bakı. Mehman Süleymanov - APA-Sport. “Hamı lider olmaq iddiasındadır. Bu arzu bütün komandaların hələ çempionata qatılmaq üçün iştirak ərizəsini təqdim edərkən ürəyindən keçir”. Bunu “APA-Sport”a açıqlamasında Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib.

Hesabat turunda “Xəzər-Lənkəran”ı səfərdə məğlub etməklə (4:2), cari mövsümdə ilk dəfə liderliyə yüksələn “İnter”in çalışdırıcısı buna layiq olduqlarını bildirib: “Həmkarım Rasim Karanı deyə bilmərəm, amma mən “Xəzər-Lənkəran”ın güclü, eyni zamanda zəif tərəflərini çox yaxşı bilirdim. Biz bundan yararlanmaqla, istəyimizə çatdıq. Açığı, görüşün belə məhsuldar alınacağını gözləmirdim. Komandam Lənkəranda göstərdiyi oyunla liderliyə layiq olduğunu sübut etdi. Ən əsası, biz meydanda alicənab olduğumuzu göstərdik. Bilərəkdən kobudluq, simulyasiya, vaxt uzatmaq kimi futbola yaraşmayan şeylərdən uzaq olduq. Hətta hesabında üç sarı vərəqəsi olan futbolçularımız cəzalanmaqlarına yol vermədilər ki, bu da məni çox razı saldı”.

Bu uğur “İnter” üçün milli çempionatlar tarixində yubiley – 100-cü qalibiyyət oldu. Ötən mövsüm komandaya ilk çempionluğu qazandıran Xodukin üçün qarşıda duran vəzifə titulunu qorumaqdır: “Liderdən liderliyi parlaq oyunla aldıq. Zirvədə yerini qorumaq ora yüksəlməkdən bir o qədər çətindir. İlk dövrədə qalan rəqiblərimiz “Xəzər-Lənkəran”, “Bakı” kimi parlaq olmasalar da, hər halda, futbol oynamağı bacaran komandalardır. Bəziləri uğurumuza şübhə ilə yanaşsalar da, oyun sxemində etdiyimiz yeniliklər, iradəmiz, vurduğumuz gözəl qollarla güclü olduğumuzu göstərdik. Hazırda Azərbaycanda ən güclü legionerlər “İnter”dədir. Mən bunu əminliklə söyləyirəm. Hələ üzərində işlədiyim, adını açıqlamaq istəmədiyim iki yerli futbolçu var ki, onlar adından söz etdirəcəklər. “İnter” Azərbaycanda elə azsaylı güclü klublardandır ki, hər futbolçu burada yer almaqdan şərəf duymalıdır”.

Qeyd edək ki, “İnter” ilk dövrənin sonuna qədər evdə “Qarabağ”, “Bakılı”, səfərdə “Karvan”la görüşəcək.
0